Fevralın 23-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) Akademik Komitəsinin iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclasda Komitənin həmsədrləri, UFAZ-ın elmi eksperti, Strasburq Universitetinin (UNİSTRA) Beynəlxalq Əlaqələr və Tədqiqat üzrə vitse-prezidentinin müavini professor Philippe Turek və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris İşləri üzrə prorektoru, dosent Qasım Məmmədov, UNİSTRA-nın professoru və UFAZ-ın Kompüter elmləri üzrə elmi eksperti Pierre Collet, Geofizika mühəndisliyi üzrə bakalavriat proqram rəhbəri professor Alessia Maggi UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov, baş katib Elizaveta Bydanova və Tədris Departamentinin müdiri Lətifə Nəsibova iştirak edib.
Akademik Komitə, pandemiya şəraitinin tədris prosesinə və tələbələrin nəticələrinə təsiri, magistratura proqramlarının cari vəziyyəti, növbəti tədris ili üçün akademik təklifləri, UFAZ-da tədqiqat sahəsində planlaşdırılan işlər, 2022-ci il üçün fəaliyyət planı və tədris ilə bağlı qeyri-akademik məsələlər haqqında müzakirələr aparıb.
Komitə, bakalavr pilləsinin sonuncu kursunda və magistratura pilləsində təhsil alan tələbələrinin yerli və beynəlxalq şirkətlərdə, habelə Fransanın müxtəlif laboratoriyalarında təcrübə imkanlarını müzakirə edib və bu istiqamətdə tərəfdaş şirkətlər və elm mərkəzləri ilə əməkdaşlığın vəziyyətini dəyərləndirib.
Qeyd edək ki, UFAZ-ın Akademik Komitəsi elm, təhsil və elmi məsələlərin araşdırılmasından məsul olan icraedici orqandır. Komitə bütün Pedaqoji və Akademik fəaliyyətlərə dair inzibati məsələləri müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır.