Logo

Anar Kərimov mədəniyyət xadimləri və digər şəxslərlə videoformatda görüş keçirdi

23.02.2022 16:37 491 baxış
IMG

Mədəniyyət naziri Anar Kərimov fevralın 22-də videoformatda mədəniyyət sahəsində çalışan şəxslərin, incəsənət xadimləri və digər vətəndaşların qəbulunu keçirib.

Tehsil.biz xəbər verir ki, nazir onlayn görüşdə növbəlilik əsasında qəbula yazılmış şəxslərin müraciətlərini dinlədi, suallarını cavablandırdı.

Qəbulda iştirak edən mədəniyyət və incəsənət nümayəndələrinin, vətəndaşların müraciətləri müxtəlif mövzuları əhatə edib. O cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, fəxri adların, fərdi təqaüdlərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, milli musiqi alətlərimizin araşdırılması, musiqi məktəblərində fəaliyyətin yoxlanılması, Aşıq Ələsgərin heykəlinin layihəsi və digər məsələlərə dair müraciətlər olub.

Anar Kərimov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədən sonra vətənpərvərlik ruhunda yeni musiqi əsərlərinə ehtiyac duyulduğunu bildirib. Bununla bağlı Mədəniyyət Nazirliyinin Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə layihələrinin olduğunu, müsabiqələrin keçirildiyini və gələcəkdə həmin bəstələrin nazirlik tərəfindən satın alınmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Nazir həmçinin ölkəmizdə incəsənət xadimlərinin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını söyləyib. Bildirib ki, gələcəkdə həmin şəxslərin peşəkar və yaradıcı fəaliyyətinin, zəhmətinin, mədəniyyət sahəsində xidmətlərinin qiymətləndirilməsinin ədalətli, şəffaf şəkildə və müstəqil bir komissiya vasitəsilə aparılması istiqamətində işlər həyata keçirilir. Tətbiq olunacaq yeni mexanizm sayəsində bu sahədə çalışan və mədəniyyətimizin inkişafında, təbliğində xidmətləri olan şəxslər gələcəkdə layiqincə qiymətləndiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, vətəndaşların bütün müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Anar Kərimov qaldırılan məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün aidiyyəti şöbələrə tapşırıqlarını verib.

Xəbər lenti