15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda medalı ilə təltif edilməsi haqqında müvafiq Sərəncamı imzalayıb.
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan ölkəmizə qarşı növbəti hərbi təcavüzə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsi başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızı işğaldan azad etmişdir. Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərdə, əlverişli döyüş mövqelərində Ermənistanı məğlub etmiş, danışıqlar masasında da düşmənin məğlub edilməsi üçün əsas yaranmışdı. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri tarixə düşdü. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur.
Bütün fəaliyyəti dövründə Bakı Dövlət Universiteti xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, elm və təhsilin inkişafı və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb. Öz missiyasına uyğun olaraq Universitet vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Vətən müharibəsində Universitetimizin neçə-neçə tələbə oğlu könüllü olaraq cəbhəyə yollanıb. Vətən savaşında Universitetin onlarla tələbə və məzunu iştirak edib, onlardan 17 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar.
“Vətən uğrunda” medalı ilə təltif edilən hərbi qulluqçular sırasında Bakı Dövlət Universitetinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olan tələbə və məzunları da var.
Vətən uğrunda canından keçən şəhidlərimizi qürurla anır, ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!