Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsində ADPU Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, Tarix və Coğrafiya fakültəsi TEC-in dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Erməni faşizminin təcəssümü – Xocalı soyqırımı” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.
Tədbirin aparıcısı tarix üzrə fəlsəfə doktoru, ADPU ÜTTT kafedrasının baş müəllimi, Tarix və Coğrafiya fakültəsi TEC-in sədri Taleh Cəfərov Xocalı şəhəri ilə bağlı müxtəlif məqamlara toxunaraq bu şəhərin strateji-coğrafi mövqeyi, qədim tarixi və mədəniyyəti haqqında məlumat verib. Sonra söz ADPU Tələbə Elmi Cəmiyyətinin sədri kimya elmləri doktoru, ADPU analitik və üzvi kimya kafedrasının müdiri Əli Zalova verilib. Giriş nitqi ilə çıxış edən Əli Zalov qeyd etdi ki, bu il Xocalı soyqırımının ildönümü Vətən müharibəsində ölkəmizin qazandığı Qələbə fonunda yeni məzmun və çalarlarla qeyd edilir. Tarixən davam edən Ermənistanın Azərbaycana olan ərazi iddiaları və təcavüzləri Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli həddə çatmış və tarixdə misli görünməmiş faciələrdən biri Xocalıda törədilib. Bundan başqa o, Xocalı ərazisinin qədim mədəniyyətin beşiyi olduğunu xüsusi vurğulayaraq orada e.ə II minilliyə aid insan qəbirlərinin mövcud olduğunu söyləyib.
Daha sonra məruzə etmək üçün söz ADPU Tarixin tədrisi metodikası və metodologiyası ixtisası üzrə təhsil alan ll-ci kurs magistrant Əlikram Xankişiyevə verilib.
Magistr tələbəsi Xocalı soyqırımının səbəbləri, həyata keçirilmə üsulları və nəticələri haqqında geniş məlumat vermişdir. O, Qafqaz ərazisində ermənilərin nə vaxtdan peyda olduqları haqqında danışaraq, onların vahid etnik kökünün olmadığını vurğulayıb.
Sonra söz ADPU Tələbə Elmi Cəmiyyətinin sədr müavini, Tarix və Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Anar Salehoğlu-Qarayevə verilib. Mövzu ətrafında çıxış edən tələbə ermənilərin tarixin müxtəlif dövrlərində Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüklərini və həmişə havadarlarının köməyi ilə torpaqlarımızı özünkiləşdirdiyini söyləyib.
Bundan başqa o, Xocalıda törədilən soyqırımın insanlıq əleyhinə törədilən böyük bir cinayət olduğunu qeyd edib. Sonra söz digər çıxışçı, ADPU Tələbə Elmi Cəmiyyətinin sədr köməkçisi, Tarix və Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Ağasəlim Zərbəliyevə verilib.
Tələbə Xocalı soyqırımında xeyli sayda azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiklərini, ermənilər tərəfindən beynəlxalq hüququn, insan hüquqları haqqında bir çox konvensiyaların və qərarların kobud şəkildə pozulduğunu deyib.
Sonra çıxış üçün söz ADPU Tarix və Coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Pərvanə Mamedovaya verildi. O, Xocalı soyqırımını dünyada baş verən bir çox böyük həcmli faciələrlə müqayisə edib.
Tələbə 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun əldə etdiyi qələbəylə toxunaraq, bu qələbə ilə erməni mifinin tamamilə məhv edildiyini, bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib.
Sonda ADPU Tarix və Coğrafiya fakültəsinin dekan müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Əsgərova çıxış edərək I Qarabağ müharibəsində baş verən hadisələrdən, ermənilərin mənfur siyasətlərindən bəhs edərək gəncləri daim ayıq-sayıq olmağa, tariximizi dərindən öyrənməyə, düşmənlərimiz tərəfindən xalqımızın başına gətirilən soyqırımları və faciələri heç vaxt unutmamağa və bunları gələcək nəsillərə düzgün şəkildə ötürməyə dəvət edib.