44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları cəbhə bölgələrində çoxsaylı yardım kampaniyaları həyata keçiriblər. Hazırda da davam edən bu xeyirxah missiyada bir sıra ictimai fəallar da yaxından iştirak edib. Yardımları genişləndirmək və daha geniş komanda halında işləmək məqsədilə birgə “Qarabağ Azərbaycandır” adlı qrup yaradılıb.
BMU əməkdaşlarının və məzunlarının yaxından iştirak etdiyi yardım kampaniyaları zamanı yığılan 70 000 min vəsait hesabına Murovdağ, həmçinin Kəlbəcər, Qubadlı, Füzuli, Tərtər, Hadrut və Zəngilan rayonlarında olan əsgərlərimizə ərzaq, geyim və lazımi əşyalar aparılıb.
“Qarabağ Azərbaycandır” qrupu əsgərlərimiz ilə yanaşı, həftə içi qazi və şəhid ailələrini ziyarət edərək, onların ehtiyaclarını qarşılamağa çalışıblar. Eyni zamanda, onları bir sıra problemlərinin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqələndiriblər. Həftə sonları isə işğaldan azad olunmuş rayonlara və əsgərlərə yardımlar üçün səfərlər təşkil olunub.
Bundan əlavə, BMU əməkdaşlarının təşəbbüsü ilə evi olmayan və vaqonda yaşayan bir ailəyə ev tikilməsi üçün də kampaniya başladılıb və toplanan vəsait hesabına artıq tikinti işləri aparılır.