Logo

“Əlifba, əlifbaların tarixi və türk dünyasında istifadə edilən əlifbalar: məqsəd, problemlər, həll yolları”

24.02.2022 17:30 536 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Əlifba, əlifbaların tarixi və türk dünyasında istifadə edilən əlifbalar: məqsəd, problemlər, həll yolları” adlı onlayn elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, elmi seminara fakültənin professor-müəllim heyəti və tələbələri, Türkiyə, Özbəkistan və Macarıstandan qonaqlar qatılıblar.

ABŞ-ın Miçiqan Dövlət Universitetinin professoru Timur Kocaoğlu mövzu ilə bağlı məruzə edib. Alim dünya xalqlarının tarixən istifadə etdiyi ilk əlifbalardan söz açıb. O qeyd edib ki, dünyada mövcud olan əlifbalar qədim şumer əlifbasından törəyib və heç bir əlifba konkret hansısa xalqın və millətin adı ilə bağlanmamalıdır. Timur Kocaoğlu türk əlifbalarının tarixi və müasir problemləri haqqında da geniş məlumat verib.

Daha sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.

BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov və başqaları məruzə ilə bağlı fikirlərini bölüşüb.

Sonda məruzəçiyə Filologiya fakültəsinin dekanı adından təşəkkürnamə təqdim olunub.

Xəbər lenti