Logo

Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb

24.02.2022 20:54 343 baxış
IMG

Azərbaycan Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin açılışında soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə qeyd olunub ki, Azərbaycan dövləti ağır və məşəqqətli, fəqət şərəfli bir mübarizənin nəticəsində yaranıb, Azərbaycan xalqı ağır itkilər, faciələr bahasına milli azadlığına, dövlət müstəqilliyinə nail olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı zamanı dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı bu faciələrdən biridir.

Bildirilib ki, Xocalı soyqırımı eyni zamanda ermənilərin Azərbaycan xalqına qarşı apardığı təcavüzkar etnik təmizləmə siyasətinin, ciddi şəkildə düşünülmüş, işlənib hazırlanmış böyük bir planın tərkib hissəsidir. XX əsrdə dünyanın bir çox yerlərində oxşar faciə və etnik təmizləmə aktları törədilsə də, onların sırasında Xocalı ən dəhşətli səhifələrdəndir. Bu dəhşətli faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır scinayətlərdən biridir. İşğal dövründə milli mədəniyyət nümunələri də məqsədyönlü şəkildə dağıdılıb, insanlıq tarixini öyrənməyə imkan verən abidələr məhv edilib.

Çıxışlarda Xocalı soyqırımının səbəbləri, həyata keçirilmə üsulları və nəticələri haqqında da məlumat verilib. Bildirilib ki, xalqımızın qan yaddaşına əbədi həkk olunan Xocalı soyqırımı qurbanlarının qisası 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər ilə döyüş meydanında alınıb, onların qanı yerdə qalmayıb.

Tədbirdə vurğulanıb ki, hər il soyqırımının ildönümündə ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda anım tədbirlərinin keçirilməsinin böyük mənəvi əhəmiyyəti var. Çünki, unudulan faciələr təkrarlanır.

Xəbər lenti