Logo

BDU-da Xocalı soyqırımına həsr edilmiş xüsusi dərs keçirilib

25.02.2022 11:02 444 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı zamanı və Qarabağ uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Xüsusi dərs Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam edib.

Knyaz Aslan mühazirədə Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımının başvermə səbəbləri, soyqırım qurbanları barədə tələbələrə dolğun informasiya verib. Natiq Xocalı soyqırımına hüquqi-siyasi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xüsusi vurğulayıb. Soyqırımın dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Həmin dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə nəticəsində bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının qisasının alındığını, onların ideallarının qalib gəldiyini vurğulayan natiq Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən soydaşlarımızın əziz xatirələrinin hər zaman xalqımız tərəfindən yaşadılacağını bildirib.

Xəbər lenti