Logo

Mədəniyyət naziri Polşanın ölkəmizdəki səfiri ilə görüşüb

25.02.2022 15:37 559 baxış
IMG

Fevralın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Səfiri salamlayan nazir Anar Kərimov iki ölkə arasında tarixən mövcud olan dərin dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb. Ölkələr arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Nazir ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb və Polşanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.  

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Rafal Poborski iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin sıx olduğunu və hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ölkələrimiz arasında səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib.

Xəbər lenti