Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsinin dekan əvəzi, filologiya elmləri doktoru, Həsən Mirzəyevin davamçısı, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə universitetin Müasir Azərbaycan dili kafedrasında kafedranın yaradıcısı və ilk müdiri olmuş görkəmli dilçi-türkoloq, Əməkdar elm xadimi, tanınmış ictimai xadim, pedaqoq, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, prof. H. Mirzəyevin aspirantı olmuş dosent Könül Səmədova böyük alimin həyat və fəaliyyəti haqqında məlumat verib.
Sonra kafedranın professoru, Əməkdar müəllim, Prezident təqaüdçüsü Cəfər Cəfərova Həsən Mirzəyev haqqında xatirələrini bölüşüb. O, görkəmli alimin Azərbaycan filologiya elminin inkişafında özünəməxsus xidmətləri olmasından bəhs edib. H.Mirzəyevin dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatlarından, alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmalarının milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Natiq H.Mirzəyevin eyni zamanda bədii yaradıcılıqla da məşğul olduğunu, folkloru gözəl bildiyini, aşıq yaradıcılığı ilə bağlı tədqiqatlar apardığını da nəzərə çatdırıb.
Qeyd olunub ki, Həsən müəllim əsl pedaqoq idi. O, hər bir tələbəsinə qayğı ilə yanaşır, dilçilik elminin sirlərini həvəslə öyrədirdi. Hətta bir dəfə Həsən müəllimin qrupunda olan 25 tələbənin hər biri əlaçı olub. Belə bir hadisə universitet tarixində ilk idi.
Həsən Mirzəyev həm də yaxşı təhsil təşkilatçısı olub. Onun elmi rəhbərliyi ilə bir çox insan filologiya üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir. Kafedra müdiri kimi fəaliyyəti ilə də nümunəvi idi.
O, kollektivdə işgüzar mühit və mehribanlıq yaratmış, kafedraya neçə-neçə müdafiə etmiş gəncin müəllim keçməsində bilavasitə rolu olmuşdur.
Həsən Mirzəyev Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü, Avropa Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Aşıqlar Birliyinin üzvü olmuş, gördüyü hər bir işdə fərqlənmişdir.
Çıxış edənlərdən kafedranın professoru Mirvari İsmayılova, Elmi-Tədqiqat Mərkəzinin Türk araşdırmaları şöbəsinin müdiri professor Elman Quliyev, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Fəxrəddin Yusifov da Həsən Mirzəyevin keçdiyi həyat yolundan, elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən danışıblar.
Tədbirin bədii hissəsində fakültənin "Meh" ədəbi dərnəyinin üzvü olan tələbələr tanınmış şairə professor Mahirə Nağıqızı - Hüseynovanın müəllimi Həsən Mirzəyevə həsr etdiyi şeirlərini qiraət etmiş, Həsən Mirzə ilə aşıq Səadət Butanın deyişməsini səsləndirmişlər.
Sondq dos. K.Səmədova yekun nitqi söyləyərək bu gün Həsən Mirzəyevin yolunu həm elmi, həm bədii yaradıcılığı ilə uğurla davam etdirən, Həsən Mirzəyev kimi sözünü cəsarətlə deyən, işini əməlində göstərən professor Mahirə Hüseynovanın onun layiqli davamçısı olduğunu bir daha vurğulayıb.
Tədbirin sonunda görkəmli alim Həsən Mirzəyevin 13 cildlik külliyyatı Filologiya fakültəsinin professor-müəllim heyəti tərəfindən 10 əlaçı tələbəyə hədiyyə edilib.