Logo

ATU-da Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub

25.02.2022 22:49 317 baxış
IMG

Bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayılan Xocalı faciəsindən 30 il ötür. Bu dəhşətli soyqırımın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetində anım tədbiri keçirilib.

Faciə qurbanlarının xatirəsi anıldıqdan sonra çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli erməni faşizmi tərəfindən törədilən Xocalı soyqırımının XX əsrin ən böyük və insanlığa sığmayan faciələrindən biri olduğunu bildirib. Qeyd edib ki, “Xocalı” deyəndə, bir şəhər adı yox, tariximizin ən faciəli, ən kədərli səhifəsi yada düşür: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə günahsız, silahsız, əliyalın insanlara qarşı bəlkə də tarixdə görünməmiş bir vəhşilik törədildi. Bu bizim heç vaxt yaddan çıxarmayacağımız tariximizdir. Dinc əhaliyə, uşaqlara, yaşlılara qarşı ağır silahlardan istifadə olunması, onlara sözün əsl mənasında divan tutulmasından belə nəticə çıxarmaq olar ki, bu qatillərin məqsədi Azərbaycan xalqının iradəsini və azadlıq istəyini sındırmaq idi. Ancaq onlar məkrli niyyətlərinə çatmadılar. Xalqımızın mübarizə əzmini, torpaqlarımızın işğaldan azad ediləcəyinə güclü inam hissini heç vaxt sarsıda bilmədilər”.

Rektor bu qətliamı törədənlərin uzun illər cəzasız qaldığını və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi zamanı müzəffər ordumuzun misilsiz qəhrəmanlığı ilə qisasımızın düşmənlərdən alındığını vurğulayıb: “Artıq 30 illik Qarabağ həsrətinə son qoyulub. Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı çox təmkinli, eyni zamanda qətiyyətli siyasətin nəticəsidir. Ümumilikdə Xocalı qatilləri öz cəzalarını alsalar da, bu faciə illər, əsrlər boyu Azərbaycan xalqının ürəyində ağır bir yara kimi qalacaq. O dəhşətli gecəni öz uşaqlarımıza, nəvələrimizə, nəticələrimizə hər zaman xatırlatmalıyıq. Unutmağa haqqımız yoxdur”.

Xocalı sakini, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyev də anım tədbirində çıxış edərək soyqırımı zamanı ailələrin başına gətirilən müsibətlərdən danışıb. O, həmin tarixin bizdən nə qədər uzaqlaşsa da, mənəvi baxımdan bizləri yaxınlaşdırdığını söyləyib. Xocalıda təkcə XX əsrdə 3 dəfə soyqırımı törədildiyini tarixi faktlarla diqqətə çatdıran professor M.Allahverdiyev, sonuncu faciəyə qədər baş verən dəhşətli hadisələrdən də söhbət açıb.

O, 1996-cı il fevralın 24-də ümummilli lider Heydər Əliyevin xocalılılar, şəhid ailələri və ziyalılarla görüşündə Xocalı soyqırımına ilk siyasi qiymət verdiyini xatırladıb: “Ulu öndərin Xocalı sakinləri ilə görüşdə peyğəmbərcəsinə söylədiyi hikmətli ifadələr 24 il sonra, 2020-ci ilin payızında həqiqətə çevrildi. Həqiqətən xocalılıların şəhidliyi gələcək nəsillərin qəhrəmanlıq nümunəsinə çevrildi. Bu həqiqəti ümummilli liderin Azərbaycana bəxş etdiyi Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev gerçəkləşdirdi”.

Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən bu dəhşətli faciənin baş verməsinə görə vaxtilə respublikamıza rəhbərlik edən şəxslərin də cavabdehlik daşıdığını bildirib. O, Xocalı soyqırımına ilk siyasi qiymətin ümumilli lider tərəfindən verildiyini bir daha vurğulayıb: “Heydər Əliyev həmişə istəyirdi ki, Azərbaycan zəfər marşını çalsın. Dediklərindən əmin idi ki, zəfər marşı çalınacaq. Heydər Əliyev xalqı üçün bir məktəb qoydu. Elə bir məktəb qoydu ki, o əlçatmaz, ünyetməz bir zirvədir. Bu məktəbdə çoxları dərs aldı. Bu məktəbin çox böyük bir nümayəndəsi cənab prezidentimizdir ki, həmin zəfər marşını çaldırdı. Azərbaycan xalqı bu qələbənin şahidi oldu. 44 günlük Vətən müharibəsində böyük uğurlar qazanan Ali Baş Komandanımız bütövlükdə xalqımızın arzusunu yerinə yetirdi”.

ATU-nun I kurs tələbəsi Aytac Yüzbəyova hətta ana bətnində olan körpələrə qarşı amansızlıq edən, cəsədlər üzərində ağlasığmaz vəhşiliklər törədən erməni vandallarını Azərbaycan gənclərinin heç vaxt bağışlamayacağını deyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında hazırda 60-dan çox ölkədə minlərlə azərbaycanlı gəncin iştirakı ilə “Xocalıya ədalət” kampaniyasının uğurla aparıldığını bildirən A.Yüzbəyova, ermənilərin işğalçılıq siyasəti və vəhşi əməlləri barədə həqiqətlərin dünyaya çatdırılması naminə gənclərin görə biləcəyi işlərlə bağlı fikirlərini bölüşüb.  

Anım tədbirində Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.

Xəbər lenti