Bu il martın 27-də Oskar mükafatının təqdimetmə mərasimi keçiriləcək. Kulis.az karyeraları boyunca Oskar mükafatı almayan məşhur aktyorların siyahısını təqdim edir. Bu, həmin aktyorlardır ki, peşəkarlıqlarına, istedadlarına, maraqlı obrazlar yaratmaqlarına baxmayaraq Oskar mükafatından kənarda qalıblar.
Hərtərəfli aktyorlardan biri sayılan Conni Depp “Sehrli ölkə”, “Svini Todd: Flit küçəsinin iblis bərbəri” və “Karib dənizinin quldurları” filmlərinə görə üç dəfə Oskara nominant olub.
Xüsusən, onun ilk iki ekran işi bütün illərin ən yaxşı filmləri kimi dəyərləndirilir. Müsahibələrindən birində aktyor bu mükafatı heç vaxt almaq istəmədiyini deyib.
Cazibədar Mişel Pfayffer də üç dəfə Oskar mükafatına namizəd olub: “Sevginin ərazisi”, “Məşhur Beyker qardaşları” və “Təhlükəli əlaqələr”.
Aktrisa 2020-ci ildə ekranlara çıxan “Vidalaşmadan getmək” filmindəki roluna görə Oskar mükafatını almağa ümidli olsa da, Qızıl Qlobusla kifayətlənməli oldu. Hərçənd, o, bu rolunu kinodakı fəaliyyətində beş ən yaxşı işindən biri sayırdı.
Edvard Norton da Oskara üç dəfə nominant olanların sırasındadır. Onun “Bördmen”, “İbtidai qorxu” və “Amerika əhvalatı İks” filmlərinə görə Oskar mükafatına namizədliyi irəli sürülüb. İndiyədək Oskar almamasına aktyorun münasibəti belə olub: “Mən bu proseslərə nəzarət etmək gücündə deyiləm”.
Ən bahalı aktyorlardan sayılan Tom Kruz “Dörd iyulda doğulanlar”, “Maqnoliya” və “Cerri Maquayer” filmlərinə görə Oskar mükafatına nominant olsa da, bəxt üzünə gülməyib.
27 yaşlı Sirşa Ronan dörd dəfə Oskar mükafatına nominant olub: “Bağışlanma”, “Bruklin”, “Ledi Berd” və “Balaca qadınlar”. Sözügedən filmlər onun ən yaxşı işlərindən sayılır. Aktrisa mükafat almaması haqda deyir: “Mənim Oskar mükafatının təqdimetmə mərasimində iştirakım, mən hələ nominasiyalardan danışmıram - olduqca sürrealist hadisədir”.
Bredli Kuper də dörd dəfə sözügedən mükafata namizədliyi irəli sürülənlərin sırasındadır. Onun bu nominasiyada rol aldığı “Mənim sevgilim psixdir”, “Amerikasayağı kələk”, “Snayper” və “Ulduz doğuldu” filmləri yarışıb.
Mişel Uilyams Holivudda bu mənada autsayder sayılır. Çünki aktrisa beş dəfə Oskara nominant olsa da (“Donqar dağ”, “Mavi Valentin”, “Merilinə yeddi gün və yeddi gecə” və “Manchester-by-the-Sea”), uğur qazanmayıb.
Ən müxtəlif xarakterli rollarda oynayan Uilyam Defo “Taqım”, “Vampirin kölgəsi”, “Florida layihəsi”, “Əbədiyyət qapısında” filmlərinə görə mükafata namizəd olub.
Altı dəfə Oskara nominant olan Emi Adams fəaliyyətində sübut edib ki, istənilən rolun öhdəsindən məharətlə gəlməyi bacarır. Bununla belə, “İyun böcəyi”, “Şübhə”, “Döyüşçü”, “Amerikasayağı kələk”, “Ustad” və “Vice” filmlərindəki rolları mükafatsız qalıb.
Yaradıcılığı boyu səkkiz Oskara ( “Təhlükəli əlaqələr”, “Dünya Qarpın gözüylə”, “Sirli Albert Nobbs”, “Böyük soyuq”, ”Natural”, “Həyat yoldaşı” “Ölümcül cazibə”, “Hillbilli elegiyası”) namizədliyi irəli sürülən Qlenn Klouzun da qismətinə hələ ki bu mükafat düşməyib.