Logo

Filarmoniyada Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı anım konserti keçirildi

26.02.2022 11:50 569 baxış
IMG

Fevralın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında anım konserti keçirilib.

Tehsil.biz xəbər verir ki, konsertdə mədəniyyət naziri Anar Kərimov, nazirliyin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının  və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra konsert proqramı təqdim olundu. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) ifasında ilk olaraq Aqşin Əlizadənin 5 nömrəli simfoniyası səsləndirilib.

Orkestr tərəfindən Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyasından III hissə və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay” böyük məharətlə ifa olunub.

Daha sonra səhnəyə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) dəvət edilib. Kollektiv tərəfindən Rauf Əliyevin “Azadlığa gedən yollar” əsərinin ifası gecənin yaddaqalan çıxışlarından olub.
Xatirə gecəsinə Rauf Əliyevin “Xocalıya ithaf" əsərinin ifası ilə yekun vurulub.

Anım konsertində səsləndirilən bütün ifalar 30 il əvvəl Xocalıda məhz azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilən 613 şəhidin əziz xatirəsinin heç zaman unudulmayacağını ifadə edib.

Xəbər lenti