Logo

"İnternet media və informasiya təhlükəsizliyi" adlı tədbir keçirilib

18.12.2020 14:26 561 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya, Mexanika-riyaziyyat, Kitabxanaçılıq-informasiya fakültələrinin Tələbə Gənclər təşkilatlarının (TGT) təşəbbüsü ilə Azərbaycan Respublikasında "İnformasiya cəmiyyəti inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə" 2016-2020 illər üçün Dövlət proqramı çərçivəsində "İnternet media və informasiya təhlükəsizliyi" adlı onlayn tədbir keçirilib.

 

Sosial elmlər və psixologiya fakültəsinin TGT sədri Cəfər Gözəlov tədbiri açaraq qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının  yeniləşməsinin sürətlə davam etdiyini,   Azərbaycanın bu sahənin inkişafına  xüsusi diqqət yetirdiyini bildirib. C.Gözəlov "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" internet medianın inkişafı üçün böyük perspektiv açdığını, bu sənədin informasiya təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacağına əminliyini ifadə edib.

 

Sonra Filologiya fakültəsi üzrə TGT sədrinin müavini Ələkbər Həsənov "informasiya müharibəsi" haqqında məlumat verib. Bildirib ki, informasiya müharibəsi - informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda, qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədilə keçirilən informasiya əməliyyatıdır. Vətən Müharibəsi dövündə də  informasiya müharibəsi davam edib. Qürurverici haldır ki, Azərbaycan həm hərb, həm siyasət, həm də informasiya müharibəsində Ermənistanı məğlub edib.

 

Mexanika-riyaziyyat fakültəsinin TGT sədrinin müavini Sevinc Pənahova, Kitabxanaçılıq-informasiya fakültəsinin TGT sədri Aysun Quliyeva çıxış edərək elektron informasiya təhlükəsizliyi, konfidensial və fərdi məlumatların mühafizəsi üsulları, virtual mühitdə informasiya üçün təhlükə yaradan daxili və xarici faktorlar, kitabxanalarda konfidensial məlumatlardan istifadə qaydaları, mühafizə tədbirləri və digər məsələlərdən bəhs ediblər. Bildirilib ki, cəmiyyətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.

 

Tədbir tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti