Logo

STEAM - gələcəyin təhsil modeli

18.12.2020 14:29 634 baxış
IMG

Artıq bir neçə müddətdir ki, ölkəmizdə STEAM layihəsinin tətbiqinə başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM layihəsinin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə edə bilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir.

 

 

Layihə mərkəz də daxil olmaqla 45 region üzrə 147 məktəbdə tətbiq edilir

 

 

Layihənin rəhbəri İqrar Nəzərov bizimlə söhbətində bildirib ki, STEAM-ın tətbiqinə başlandığı ilk günlərdən layihə həm təhsilverənlərin, həm də təhsilalanların böyük marağına səbəb olmuşdur. O, bu baxımdan layihənin əhatə dairəsinin genişləndirilməsinə zəmin yarandığını sözlərinə əlavə edib: “Hazırda STEAM layihəsinin tətbiqi mərkəzlə yanaşı, 45 region üzrə 147 ümumtəhsil məktəbində 25000-dən çox şagird və 800 müəllim olmaqla uğurla davam etdirilir. Lakin qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq layihənin tam şəkildə həyata keçirilməsində bəzi çətinliklər yaranmışdır. Belə ki, mövcud vəziyyətlə əlaqədar olaraq tədris prosesinin distant formada aparılması layihəyə əsaslanan STEAM dərslərində əyaniliyin tam yerinə yetirilməməsini yaranan çətinlik kimi qeyd edə bilərik. Problemlərin aradan qaldırılması və distant formalı tədris prosesində yüksək şagird nailiyyətlərinin əldə olunması məqsədilə STEAM məzmunlu teledərslər və videoçarxlar hazırlanaraq müxtəlif sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərə təqdim olundu. Özünütəcrid dövründə təhsilalanlarda elmə marağın artırılması və sosial aktivliyin yüksəldilməsi məqsədilə müxtəlif müsabiqələrin keçirilməsi, qalib iştirakçıların layihələrində əks olunan ideyalarının reallaşdırılmasında istifadə edə biləcəkləri müxtəlif innovativ texnologiya avadanlıqları ilə mükafatlandırılması izləyicilər tərəfindən təqdirəlayiq hal kimi qarşılanmışdır. Qeyd olunanlarla yanaşı, nəzərə çatdırmaq lazımdır ki, bu dövr ərzində həyata keçirilən fəaliyyət zamanı pandemiya qaydalarına tam şəkildə əməl olunmuşdur”.

 

 

700 nəfərdən çox müəllim distant təlimlərə cəlb olunub

 

 

İqrar Nəzərov pandemiya dövrünün davam etməsinə baxmayaraq layihənin fəaliyyət planının uğurla həyata keçirildiyini deyir: “Bu dövr ərzində 700-dən çox müəllim distant təlimlərə cəlb olunmuş və müsbət nəticə əldə edən təhsil işçiləri sertifikatlarla təmin edilmişdir. Qeyd etmək lazımdır ki, təlim prosesinin distant keçirilməsinə baxmayaraq əyaniliyin təmin edilməsi məqsədilə iştirakçılara bəzi avadanlıqlar çatdırılmışdır. Bu dövr ərzində STEAM tədris prosesinin növbəti siniflər üzrə uğurla davam etdirilməsi məqsədilə layihə mütəxəssisləri tərəfindən Azərbaycan və rus dillərində fənn kurikulumu hazırlanaraq müəllimlərin istifadəsinə verilmişdir.

Bütün yaş qruplarının (STEAM Kids, Junior, Senior) istifadəsi üçün nəzərdə tutulan Şirvan şəhər Kimya-biologiya təmayüllü Respublika liseyinin nəzdində regional STEAM Mərkəzinin yaradılması da məhz bu dövrdə həyata keçirilən fəaliyyətlərdəndir.”.

 

 

“STEAM-çılar minlərlə üz sipərləri hazırlayıb”

 

 

Layihə rəhbəri onu da qeyd edib ki, STEAM-ın əsas məqsədlərindən biri də təhsilalanlarda cəmiyyətin qarşılaşdığı problemlərin həlli istiqamətində bilik və bacarıqların formalaşdırılmasıdır: “Pandemiya dövrünü nəzərə alaraq virusa yoluxma təhlükəsi ilə daha çox üz-üzə qalan fəaliyyət sahələrinin əməkdaşlarına (tibb işçiləri, polislər və s.) 3D printerlər vasitəsilə çap edilərək minlərlə üz sipərləri verilib. Düşünürəm ki, üz sipərlərinin hazırlanması qeyd olunan məzmunlu fəaliyyətə bir nümunədir”.

Qeyd olunanları və STEAM-a artan marağı nəzərə alaraq layihənin bundan sonra da sürətlə inkişaf edərək əhatə dairəsini genişləndirəcəyini, nəticədə cəmiyyətin tələblərinə uyğun, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verəcəyini deyə bilərik.

 

 

"Azərbaycan müəllimi" qəzet

Xəbər lenti