İsveçrənin Sürix şəhərindəki “Volkshaus” konsert və sərgi zalında Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar “Epitafiya 613 – Xocalı, bir daha əsla!” adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə Azərbaycanlıları Mədəniyyət, Dostluq və Həmrəylik Cəmiyyətinin və Sürix Türk Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın İsveçrədəki səfirliyinin, Türkiyənin Sürixdəki konsulluğunun əməkdaşları, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.
Anım gecəsində ABŞ, Çexiya və Almaniyadan dəvət olunmuş musiqiçilər Fidan Ağayeva-Edler, Marketa Yanouskova və Kristian Ştendricin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib. Almaniyada yaşayan tanınmış azərbaycanlı bəstəkar Elmir Mirzəyevin xüsusi olaraq anım gecəsi üçün bəstələdiyi Xocalının 30-cu ildönümünə həsr olunmuş “Epitafiya” adlı yeni əsərinin təqdimatı olub.
Tədbir çərçivəsində Fransada yaşayan azərbaycanlı rəssam Babi Bədəlovun “Xocalı – 30 il” adlı fərdi sərgisi nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarına Xocalı faciəsindən bəhs edən kitab və broşürlər paylanılıb.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib