Azərbaycanda mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə kəskin ehtiyacı olan tələbələrə ünvanlılıq prinsipi əsasında aylıq müavinətin müəyyən edilməsi təklif olunur.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan və orada təhsil alan, lakin müvafiq yataqxanalarda yerlə təmin edilməyən, mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə kəskin ehtiyacı olan tələbələrə ünvanlılıq prinsipi əsasında aylıq müavinətin müəyyən edilməsinə, həmçinin tələbə yataqxanaları şəbəkəsinin genişləndirilməsinə böyük ehtiyac var.
Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Bununla yanaşı, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.