Logo

“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşa muğamlarına həsr olunub - Video

28.02.2022 19:32 651 baxış
IMG

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa muğamlarına həsr olunub.

Məlum olduğu kimi, Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşıb. Vaxtilə Şuşa həm də muğam məclisləri ilə şöhrətlənmişdi. Nəticədə musiqi mədəniyyəti baxımından Cənubi Qafqazda və yaxın ölkələrdə nadir məkana çevrilmişdi. “Şuşada uşaqlar “Segah” üstə ağlayır, “Şahnaz” üstə gülürlər” və digər bu qəbildən deyimlər mədəniyyət paytaxtımızın Azərbaycan muğam, musiqi sənətinin inkişafındakı əhəmiyyətli rolundan xəbər verir.

Qarabağ muğam məktəbinin nümayəndələri milli musiqi mədəniyyətimizin inkişafında xüsusi rol oynayıblar. Azərbaycan muğamları içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.

Məsələn, "Kürdü" və "Şahnaz"ın birləşməsindən əmələ gələn kiçik muğam "Kürdü-Şahnaz" adlanır. O, "Şahnaz", "Dilkəş", "Kürdü" və "Zil Şahnaz" şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur şuşalı xanəndə Hacı Hüsü yaradıb.

Kiçik həcmli vokal instrumental muğam olan "Qatar" əvvəllər "Bayatı-kürd" muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarilə genişləndirilərək müstəqil muğama çevrilib. Qarabağ xanəndələri "Qatar"a bayatını də əlavə edərək birlikdə "Qatar-bayatı" oxuyublar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Segah İslam, Cahan Talışinskaya həmin muğamın mahir ifaçıları olublar. "Qatar", əsasən, tarın, "Qatar-bayatı" isə yastı balabanın müşayiəti ilə oxunur.

"Rast"ın tərkibinə daxil olan "Mahur-hindi" muğamı "Mahur"un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə "Rast"ın xarakterinə uyğun gəlir.

"Həmid Segahı" XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış "Rast" və "Segah" muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb.

XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbi-muğam olan "Qarabağ şikəstəsi" "Segah" muğamı kökündədir, ağır tempdə oxunur. Üzeyir Hacıbəyli "Əsli və Kərəm", Müslüm Maqomayev "Şah İsmayıl", Zülfüqar Hacıbəyov "Aşıq Qərib", Reynhold Qlier "Şahsənəm" operalarında həmin ritmik muğamdan istifadə ediblər.

Xəbər lenti