Logo

Müharibə tragik səhvdir – Sevda Sultanova yazır...

28.02.2022 21:14 711 baxış
IMG

Rusiya və Ukraynanın, 2015-ci ildə birgə istehsalı olan “Sevastopol uğrunda döyüş” bədii filmi (rejissor Sergey Mokritskiy) 309 nasist əsgər və zabitini öldürmüş snayepçi qadın, Sovet İttifaqı Qəhrəmanı Lyudmila Pavliçenko haqda bioqrafik dramıdır. Real hadisələrə əsaslanan filmdə Pavliçenkonun həyatından vacib epizodlar yer alıb. Müəlliflər müharibə və qadın mövzusunu önə çıxarmağa cəhd göstəriblər: məlum vəziyyətdə qadın olmağın çətinliyini, itkilər qarşısında düşdüyü emosional durumu necə yaşaması, müharibənin qadın duyğularını etməsini...

Filmdə Svetlana Alekseyeviçin “Müharibənin qadın üzü yoxdur” əsərinin rakursunun da təsiri duyulur. Misalçün, səhnələrdən birində hərbçi qadınların özləri ilə gizli gəzdirdikləri aksessuarlar, zərif tuflilər nizamnamə pozuntusu sayılaraq yandırılır. Və ya ara sıra qadın kimliyinə qayıtmaq ehtiyacı hiss edən Pavliçenko daim kişilərin - onu oğlan kimi böyüdən hərbçi atasının, müharibədə zabitlərin təzyiqinə məruz qalır.

“Ölüm ledisi” adını almış Pavliçenkonun soyuqqanlıqla öldürməsini müəlliflər təkcə Almaniyanın işğalçı siyasəti ilə əsaslandırmırlar. Buna onun şəxsi təcrübəsi ilə də zəmin yaradırlar: ilk döyüşlərdə dostlarının içalatı çölə çıxmış bədənləri ona öldürməyə güc verir.

Hər halda, Ukrayna və Rusiya prokatında xeyli izləyici toplamış “Sevastopol uğrunda döyüş” sənət meyarlarını özündə ehtiva edən bədii əsər deyil. Sovet təbliğat kinosunun pafosu, qəhrəmanın yaşantılarının klişe epizodlarla təsviri səbəbindən.

Bununla belə yazımın məqsədi heç də filmi analiz etmək deyil.

“Sevastopol uğurunda döyüş” 6 il öncə, Rusiya və Ukraynanın siyasi münasibətlərinin artıq gərginləşdiyi dönəmdə çəkilmişdi. Sənət adamlarının bir araya gələ bildiyi halda, siyasətçilər ortaq dil tapa bilmədilər. Kədərlidir, İkinci Dünya Müharibəsində çiyin-çiyinə vuruşan iki qardaş xalq indi 21-ci əsrdə qanlı, güzəştsiz müharibə aparır. Təəssüf ki, sənətin müharibəyə məğlub olduğu günləri yaşayırıq. Sosial şəbəkələrdə, mediada yayılan tükürpədici müharibə kadrları yəqin ki, növbəti müharibə filmlərinə material olacaq. Maraqlıdır, müharibədən sonra Ukrayna və rus kinematoqrafçıları özlərində güc taparaq, yenidən müştərək bir film çəkə biləcəklərmi? O, necə bir film olacaq?

Bu günlərdə Rusiya kinematoqrafçılarının səsləndirdiyi etiraz bəyanatları müharibə səs-küyünün yanında çox kəsərsiz qalır. Nə qədər rasional düşünsələr də. Baş verənlərlə bağlı onlar sarsıntısını belə dilə gətiriblər.

Ssenarist, dramaturq Aleksandr Gelman

“İndi, bu gün, bu saatlarda biz ancaq əsas olan bir şeyi dərhal tələb etməliyik: atəşi dayandırmaq, hərbi əməliyyatları dayandırmaq, öldürməyi, dağıtmağı, şikəst etməyi dayandırmaq. Hərbi əməliyyatların heç bir bəraəti yoxdur. Mənəvi, əxlaqi, siyasi qiymətləndirməni sonraya saxlayaq...

Müharibə əvəzinə danışıqlar! Generalların əvəzinə diplomatiya”!

Kinotənqidçi Yekatirina Barabaş

“Mən bu gün tamamilə stupor bir vəziyyətdə (psixatriyada hərəkət pozğunluğun bir növü, hərəkətsizlik-S.S.) məqsədsiz şəkildə rayonu veyilləndim - mağazalara, apteklərə, kafelərə girdim, xırda-para işlər üçün ora bura getdim və ətrafdakı söhbətləri dinlədim. Heç kəs bir dəfə də olsun müharibədən danışmadı. Müharibə yoxdur. Sadəcə yoxdur. O, heç kəsi maraqlandırmır, yalnız feysbukda bir ovuc, etiraz aksiyasına çıxan bir ovuc adamdan başqa. “Müharibə” sözünü bir dəfə mənə matras gətirən kuryerdən eşitdim. O, tələsdiyini, müharibəyə göndərildiyini dedi. Düşünmədən ona uğur dilədim. O, nəzakətlə təşəkkür edib getdi. İlahi, mən nə dedim. Öz səfehliyimdən təəccübləndim. Tənbəllik etmədən sıçrayıb onu həyətdə yaxaladım: sizə heç bir uğur arzulamıram, yalnız məğlubiyyət. Və orda necə lazımdırsa şikəst olun! Tanrı məni bağışlasın. Amma bu adam mənim uşaqlarımı, dostlarımı, qohumlarımı öldürməyə getdi”.

Kinotənqidçi Anton Dolin

“Bizi indi yaşadıqlarımıza kimsə hazırlamayıb - səhər yuxudan oyananda müharibənin başladığını və sənin ölkənin başqa bir ölkəyə hücum etdiyini öyrənirsən. Mən baş verənlərlə razı deyiləm. Bu, vacib nüansdır. Hər kəs öz adından danışır. Ümumi, hamının adından, xalqın, millətin adından danışmaq mümkün deyil. Həmçinin, müharibəni başlayan da bunu rus xalqının adından edib. Amma mənim adımdan yox. Bu, mənim müharibəm deyil. Mən müharibə istəmirəm. Onunla razılaşmıram. Ən dəhşətlisi odur ki, bu, artıq baş verib və onu düzəltmək mümkün deyil, amma onu dayandırmaq mümkündür”.

Aleksandr Rodnyanskiy prodüser (o, “Stalinqrad” müharibə filminin də prodüseridir)

“Müharibə haqqında mən səhər 5-də Kiyevdə yaşayan oğlum zəng vuranda bildim. O, Kembric Universitetinin professorudur, Ukraynada özəl və dövlət şirkətlərinin məsləhətçisidir. O, üzgün bir səslə “Başladı” dedi. Və mən kinodan bildiyimiz güllə, raket səslərini eşidirdim. Hardasa Kiyevdən kənarda və bəlkə də Kiyevin ətrafında raketlər düşürdü. Baxmayaraq ki, biz hamımız yaxşı başa düşürdük ki, bütün bunlar hara gətirəcək, amma yenə də mən müharibənin başlanmasına inana bilmirdim. Ukrayna ilə müharibə... Bu, tragik bir səhvdir”.

Aktyor Yevgeni Sıqanov

“Siyasətçilər nəylə məşğuldurlar? Onunla məşğuldurlar ki, siyasi konfliktləri nizamlasınlar və siyasi məsələləri həll etsinlər. İstərdim ki, 21-ci əsrdə bu məsələlər dinc yolla həllini tapsın, çünki müharibə siyasi problemin həll yolu deyil. Nasist Almaniyasına qarşı çiyin-çiyinə vuruşan babalarımız təsəvvür belə etməzdilər ki, nə vaxtsa Rusiya Kiyevə, Xarkova bomba atacaq. Siz deyə bilərsiz ki, Donbasda 8 ildir adamları öldürürlər. Bu problemi doğrudan da həll etmək lazımdır, amma bunu siyasətçilər həll etməli və razılığa gəlməliydilər”.

Rejissor Andrey Zvyagintsev

“Ruhdan düşmüşəm, əl qolum bağlanıb. Нeç bir sözüm yoxdur, produktiv fikrim yoxdur, ideyam yoxdur. Yalnız bir çağırışım var: müharibəyə yox, müharibəyə yox, müharibəyə yox”.

Roman Vasyanov, operator

“Mənə elə gəlir ki, bir normal adam bu müharibəyə sevinə bilməz, bu qardaş qətlinə sevinə bilməz və deməz ki, ordakılar nasistdir, bizi isə nasist deyilik. Hər bir millətdə yaramazlar var. Müharibəyə görə məsuliyyət daşıyan adamlar danışıqlar masası arxasında oturmalıdır”.

Mənbə: Kulis.az

Xəbər lenti