Logo

MDU-da “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar keçirilib

28.02.2022 22:50 543 baxış
IMG

2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar təşkil olunub.

Tehsil.biz xəbər verir ki, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri dosent Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda universitetin gənc akademik heyət üzvləri və doktorantları, tələbələr və magistrantlar iştirak ediblər.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) baş elmi işçisi, AGADMC-nin əməkdaşı, dosent Ruslan Rəhimli təqdimatla çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Təqdimatda R.Rəhimli gənc tədqiqatçılara “Open Science”, “Open Access”, “Open Research Date”, “Open İnnovation”, “Open Research Computation”, “ResearchGate”, “Scientific Social Network” haqqında informasiyalar verib, eləcə də onları “Open Access” jurnallarına çıxış imkanları, “ORCID” indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası barədə məlumatlandırıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan təqdimat ətrafında müzakirələr aparılıb, təqdim edilən çoxlu sayda suallar cavablandırılıb və universitetin gənc tədqiqatçıları xüsusi sertifikatlarla təltif olunub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin və nəticəyönümlüyünün artırılması diqqət mərkəzində saxlanılır və bu məqsədlə təlimlərin, seminarların və digər müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti