Novruzun ikinci çərşənbəsi Od çərşənbəsi hesab olunur. Təbiətin, insanın, ümumiyyətlə, bütün canlı varlıqların yaradılış prosesinin ikinci mərhələsini məhz odla bağlayırlar. Bu çərşənbəyə müxtəlif bölgələrdə “Üskü/Üsgü çərşənbə”, “Kül/Külə çərşənbəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə” də deyilir. Bu adlar müxtəlif ənənələrlə sıx bağlıdır.
İnanca görə, həmin gün yandırılan tonqalların külləri bostanlara, əkin sahələrinə səpilir ki, torpağın “canı qızsın”. Digər inanca görə isə, çərşənbə axşamı təndirlərdəki, soba və manqallardakı külləri yığıb ev-eşikdən uzaq bir yerə: divar dibinə, yolayrıcına, küçəyə tökərlərmiş. Bədxah qüvvələrin, cinlərin ocağın, tonqalın külünə yığışdığına inanan əcdadlarımız bu yolla şər qüvvələrdən azad olduqlarını hesab ediblər. Kül tökən adamın evə qayıdarkən qapını döyməsi, evdəki adamın “haradan gəlirsən?” sualına “toydan-bayramdan gəlirəm”, “nə gətirmisən?” sualına isə “şadlıq, salamatlıq” cavabını verməsi bu ayinin ən maraqlı cəhətidir.
Əski türk dünyagörüşünə görə, insanlar odu ilk olaraq ağac koğuşunun dibindən əldə ediblər. Bəlkə də buna görə əcdadlarımız müqəddəs hesab etdikləri ağacları, məskən saldıqları yeri də “ocaq” adlandırıblar. Ocaq evin, soyun davamını təmsil edir. Od insanı yaşadığı yerə - yurda, el-obaya bağlayır. İnanca görə, atəşə su tökülməz, ona pis söz deyilməz. İnsan odu, ocağı, Günəşi əzizləsə, çətinlikləri azalar, təbiət tez isinər, sular qızar, buzlar əriyər.
Ocağa and ən güclü və etibarlı mövqe hesab olunub. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlıdır. “Günəş haqqı, Od haqqı”, “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi ifadələr əcdadlarımızın inanclarından qaynaqlanır. Türk inancına görə, od işıq, güc, qüvvət, sağlamlıq, paklıq və gözəllik rəmzidir. Qədim zamanlardan bəri od türk dünyagörüşündə müqəddəsliyin də rəmzi sayılır. Azərbaycanda tunc dövrü dini əqidələrindən biri də Günəşə pərəstiş idi. Bu dövrün dulusçuluq məmulatlarında Günəşin müxtəlif rəmzi təsvirlərinə də rast gəlmək mümkündür. Hətta o dövrdəki qəbirlərdə Günəşin rəmzi təsvirlərinə - oxra boyalarına, oxra ilə boyanmış qırmızı daşlara, çıraqlara, ocaq qalıqlarına rast gəlinir. Əcdadlarımız Günəşi andıran müxtəlif vasitələrdən istifadə edərək qəbiri işıqlandırdıqlarına inanıblar. “Qəbrin nurla dolsun” ifadəsini də bu ayinlə bağlamaq olar.
Hələ qədim dövrlərdən insanlar odu qoruyub, ocaq qarşısında səcdəyə durub, ətrafında oyun və ayinlər icra ediblər. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında “yallı” gedən insan təsvirləri bunun bariz nümunəsidir.
Od çərşənbəsində bir çox mərasimlər keçirilir. Odla bağlı ritual və mərasimlər sakral mahiyyət daşıyır. Bu çərşənbədə üzərlik yandırıb ailə üzvlərini, evi, heyvanları tüstüyə vermək adəti günümüzədək davam edir. Klassik Azərbaycan şairi, filosof Nizami Gəncəvi də əsərlərində dəfələrlə üzərliyin adını çəkərək onun bədnəzərdən qoruyan vasitə olduğunu vurğulayıb. “İskəndərnamə” əsərində filosof Ərəstun hər gün üzərlik yandırmağı məsləhət görür. “Leyli və Məcnun” əsərində də müəllif fəxriyyə hissəsində üzərlik bitkisinin adını çəkir:
Xəzinə sandıqda saxlana bilər,
Gözəl üzərliklə bəslənib gülər.
Mənə anam verdi bu xəzinəni,
Üzərlik üstündə mərd doğdu məni.
Baxsan Nizaminin çizgisinə sən,
Min bir ad sayını orda görərsən.
Ümumiyyətlə, odla arınma türk mifoloji düşüncəsi ilə bağlıdır. Odun üzərindən tullanmanı bəzən atəşpərəstliklə bağlasalar da, bu ənənə təmizlənmə, arınma funksiyasını özündə ehtiva edir. Atəşpərəstliyə görə, od müqəddəs varlıq olaraq qorunub. Zənnimizcə, müqəddəs sayılan cismin üzərindən atlanmaq, ağırlığını ona tökmək yolverilməz hallardan biri sayılmalıdır.
Su çərşənbəsində olduğu kimi, gün doğmadan evdən çıxıb qayıdana kimi “lal olmaq” adəti bu çərşənbənin də ayinləri sırasındadır. Rituala görə, ev sahibi xoruz banlamamış heç kimlə danışmadan evdən çıxar, bağçadakı fındıq və ya heyva ağacından bir çubuq kəsib arxaya baxmadan evə qayıdarmış. İnanarmışlar ki, o çubuqdan hazırlanan gözmuncuğu ailəni, mal-qaranı bəd-nəzərdən, bədxah ruhlardan qoruma gücündədir.
Od türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən təmizləyəcəyinə, şərdən qoruyacağına, xeyrin qələbə çalacağına inam ifadə olunur. Azərbaycanın bir sıra bölgələrində gəlin oğlan evindəki ocağın başına üç dəfə fırlanıb, ona bir fincan yağ atır, bununla da ocağa rəmzi olaraq qurban verir. Ocağa qurban vermə ayini Od çərşənbəsində də icra olunur.
Bir çox bölgələrimizdə ata evindən çıxan gəlinin ardınca xoşbəxtlik rəmzi hesab olunan çıraq aparılması, yaxud gəlinin toy günü çıraq ətrafında üç dəfə fırlanması adəti ocaqla bağlı rituallardandır.
Bu çərşənbədə də kifayət qədər ocaqla, odla bağlı ayinlər icra olunur. Tonqal qalama mərasimi o biri çərşənbələrə nisbətən canlı keçir. Tonqal hündür bir yerdə yandırılır ki, hər tərəfdən görünə bilsin. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alaraq, həmin böyük tonqaldan alov götürürlər. Tonqalın ətrafında nəğmələr, dualar oxunur, şeirlər deyilir.
Pərdə aldım, tül oldu,
Taxılım sünbül oldu.
İkinci çərşənbənin
Eldə adı kül oldu.
Bu çərşənbədə keçirilən qədim mərasimlərdən biri “pülənbəri” və ya “yanar körpü”dür. Qaranlıq düşəndə insanlar evlərin damına çıxaraq kənd ağsaqqalının həyətindəki, yaxud meydandakı tonqalın yanmasını gözlər, ilk qığılcımdan hər kəs öz qaladığı tonqallara od vurarmış.
Çalış, alış tonqalım,
Yeddi qarış tonqalım,
Qoy alovun gur olsun,
Üzümüzə nur dolsun.
Uca bir təpə başında quru ağac və kötüklərdən aşırımlı körpü düzəldilərək od vurular, “yanar körpü” altından bütün kənd əhli, mal-qara, toyuq-cücə keçirilərmiş.
“Aynaçəkmə/aynaçağırma” mərasimində uşaqlar tonqaldan qızarmış kösövü qaldırıb “hurrey” çağırarlarmış. Tonqal yanıb sona çatanda onun ətrafına qızdırılmış dəmir şişlə üç dəfə cızıq çəkərlərmiş. Bu ayin ev-eşikdən bərəkətin dağılmaması üçün edilərmiş
Çərşənbə tonqalı yaş, acı tüstülü ağacdan qalanmaz. Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı, tikan və təmiz ağac budaqlarından çatılmalıydı. İnanca görə, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlməz. Bəzi bölgələrdə tonqala üzərlik də atarlarmış. Bununla da bəd-nəzərdən qorunacaqlarına inanarlarmış. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı “öldürürlər”. Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın üzərindən atlanır və deyir: “Ağırlığım, uğurluğum odda yansın”. Tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsi üçün yerinə yetirilən rituallardandır.
Mən aşiqəm, çökərlər,
Sındırarlar, sökərlər.
Novruzda ağırlığı,
Tonqal üstə tökərlər.
Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır. Çalışırlar ki, süfrənin küncündə kimsə oturmasın. İnanca görə, ölənlərin ruhları küncdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də süfrə bəzənməli, ocağın üstü boş olmamalıdır. Süfrəyə şirniyyatlarla bəzənmiş xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər. İnanca görə, Od çərşənbəsində ocağı yandırıb, qazanı qaynadanda, ilin sonuna qədər ocaq yanar, qazan qaynayar, il bərəkətli olar.
Səhər Hidayət qızı Orucova
Filologiya elmləri doktoru, professor
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri