Logo

MDU-da “Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda elmi seminar keçirilib

02.03.2022 13:12 602 baxış
IMG

2022-ci ilin 28 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda elmi seminar keçirilib.

“MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Seminarı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ömrünü Azərbaycanın firavan gələcəyinə həsr edən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliğinin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə mühüm töhfə verdiyini diqqətə çatdırıb və tədbirin əhəmiyyətini vurğulayıb.

Sonra, proqrama uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun İqtisadiyyat fakültəsinin akademik heyət üzvlərindən Günəş Şəfaqətov “Heydər Əlyevin regional inkişaf strategiyası”, Ruhiyyə Hüseynova “Heydər Əliyev və Azərbaycanda xarici iqtisadi siyasətin inkişaf strategiyasının formalaşması”, Yeganə Məmmədli “Rəqabət qabiliyyətli aqrar iqtisadiyyatın formalaşması - Heydər Əliyev iqtisadi siyasətinin təcəssümü kimi” və Zaur Rəsulov “Heydər Əliyevin neft strategiyası” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə müasir Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin milli maraqlarımıza uyğun işləyib hazırladığı hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasından və onun uğurla reallaşdırılmasında göstərdiyi misilsiz və müstəsna xidmətlərdən, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin möhkəmlənməsinə, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin gücləndirilməsinə hədəflənən məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasətindən bəhs edilib. Eyni zamanda dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının ictimai həyatın bütün sahələrinin tərəqqisinə və sosial rifahın yüksəlməsinə verdiyi töhfələrdən danışılıb. Qeyd edilib ki, hazırda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursu müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada mövqelərini daha da möhkəmləndirib, tarixi qələbələrə imza atıb və regionda lider dövlətə çevrilib.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, əsas vəzifələrindən biri Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi olan MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin örnək həyat və fəaliyyətinin, zəngin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti