Martın 2-də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər qonaqlar iştirak ediblər.
Mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Açılış mərasimində bildirilib ki, əsaslı təmir olunmuş məktəb 1176 şagird yerlikdir. 31 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 peşə təmayüllü sinif, 2 texnologiya, 2 informatika, çağrışaqədərki hazırlıq kabineti, şahmat kabineti, məktəbəhazırlıq otağı, 210 nəfərlik akt zalı, idman zalı, kitabxana və 144 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Açılışdan sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.