Bakı Dövlət Universitetinin Qazax filialında 1 Mart - Ümumdünya mülki müdafiə günü ilə əlaqədar tədbir keçirilib.
Filialın direktoru Arif Rüstəmov mülki müdafiənin məqsəd və vəzifələrindən, müharibə və dinc dövrdə oynadığı mühüm roldan söz açıb. Bildirib edib ki, bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Mülki müdafiə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, təbliğat və təşviqat işlərinin aparılması olduqca mühüm əhəmiyyət kəsb edir.
İctimai və təbiət fənləri kafedrasının müəllimi Pəri Məmmədova “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edərək fövqəladə hallar zamanı insanların və ətraf mühitin mühafizəsi, təhlükəsizlik məsələləri barədə məlumat verib.
Filialın Mülki müdafiə qərargahının rəisi İlqar Nəbiyev fövqəladə hallar zamanı vətəndaşların üzərinə düşən vəzifələrdən, mülki müdafiə və pandemiya ilə bağlı filialda görülmüş işlərdən danışıb.
Filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova isə pandemiyaya qarşı mübarizədə könüllülərin rolundan, onların Qazax rayonundakı ictimai fəaliyyətindən söz açıb.
Qazax Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini Azad Hümbətov mülki müdafiə sahəsində rayonda həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonda Qazax rayonunda keçirilmiş mülki müdafiə tədbirlərini özündə əks etdirən film nümayiş olunub.