Xaçmazda məktəb binası tamamilə qəzalı vəziyyətə düşüb.
Tehsil.biz Xezerxeber.az-a istinadən xəbər verir ki, 56 il əvvəl tikilmiş məktəb hələ də təmir olunmayıb. Həm müəllimlər, həm də valideynlər məktəbin hər an uçma təhlükəsi ilə üz-üzə olmasına görə çox narahatdırlar.
Məktəbin tavanı və arxa divarı tamamilə əyilib. Döşəmədə isə yarıqlar əmələ gəlib. Bina hər an çökə bilər.
Bura Xaçmaz rayonunun Şıxlar kəndində 1966-cı ildən fəaliyyət göstərən məktəbdir. Binanın qəzalı vəziyyətdə olması həm müəllimləri, həm də kənd sakinlərini narahat edir.
Tikilidə istifadə olunan atmalar belə çürüyərək çöküb. Tavan hissəsinə isə uşaqlara soyuq olmaması üçün karton vurulub.
Məsələdən Xaçmaz Rayon Təhsil Şöbəsi də xəbərdardır. Təhsil Şöbəsindən o da bildirildi ki, şagirdlərin sayı çox olduğundan məktəbdə tədris binanın qəzalı vəziyyətinə rəğmən davam etdirilir.