Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin yüksək idarəçiliyiniz, qətiyyətiniz və siyasi iradəniz, xalq-iqtidar birliyi, şanlı Ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində zəfər çaldıq. Mənfur düşmənin tapdağı altında qalan dədə-baba torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və biz qalib ölkənin qalib vətəndaşları kimi tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq. Bütün dünya azərbaycanlılarının sevinc və coşqusuna səbəb olan bu tarixi zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Sizsiniz, şanlı Ordumuzdur! Bu tarixi Qələbə xalqımızın həmrəyliyi, Cənab Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində mümkün oldu. Bu Qələbə bizim sarsılmaz birliyimizi, hərbi gücümüzü və mübarizlik əzmimizi bütün dünyaya nümayiş etdirdi.
Əzəli Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran, zəfər sevincini xalqımıza bəxş edən bu şanlı qələbəmiz üçün Sizə və müzəffər Ordumuza təşəkkür edirik. Biz çox sevincliyik ki, bizim milli kimliyimizi, qürurumuzu, xalqımızın iradəsini dünyaya sübut edən, başımızı uca, alnımızı açıq edən Sizin kimi məğrur rəhbərimiz var!
Sizin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqımıza tarixi müraciətinizdə səsləndirdiyiniz "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" şüarı bütünlüklə Qarabağa, işğaldan azad edilən bütün torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Əminik ki, Sizin qətiyyətli siyasətinizlə işğaldan azad olunan torpaqlarımızı biz birlikdə dirçəldəcəyik. Qədirbilən xalqımız Vətən müharibəsindən sonra əzəli torpaqlarımızda quruculuq işlərində də Sizin ətrafınızda sıx birləşəcəkdir.
Ölkəmizin ən qədim və ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti (BDU) çoxminli professor-müəllim heyəti və tələbələri də müsəlləh əsgərlər kimi informasiya cəbhəsində mübarizə apardı, düşmənin təcavüzünə elmi səviyyədə qiymət verilməsi istiqamətində addımlar atdı. BDU-da Azərbaycan Respublikasının İşğal altında olmuş ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Kompleks Beynəlxalq Hesabatın hazırlanmasına, Vətən müharibəsi dövründə ölkədaxili və beynəlxalq medianın təhlilinin aparılması kimi layihələrə start verildi. İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində ekoloji problemlərin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin talanması və s. aktual mövzularda akademik layihələrin formalaşdırılması üzərində işlər aparılır.
BDU-nun Elmi Şurası Universitetin elmi potensialını, elmi kadrlarının ixtisas profillərinin genişliyini nəzərə alaraq 2021-ci ildə BDU-da həyata keçiriləcək elm, tədqiqat işlərində Qarabağın tarixi, maddi-mədəniyyət abidələrinin, ekoloji problemlərinin, faydalı qazıntı yataqlarının öyrənilməsinin və s. prioritet hesab edilməsi haqqında qərar qəbul etmişdir.
Möhtərəm cənab Prezident, BDU-nun çoxminli professor-müəllim və tələbə kollektivi Sizə müraciət edərək doğma Qarabağ torpaqlarında quruculuq işlərində yaxından iştirak etmək arzusunda olduğumuzu bildiririk. Biz Tələbə Könüllülərdən ibarət Tələbə İnşaat, Tələbə Tədqiqatçılar dəstələri ilə quruculuq işlərinə, ekoloji tarazlığın bərpa olunmasına, qədim tarixi və mədəni abidələrin bərpasına və dünyada təbliğinə, fəaliyyət göstərəcək təhsil müəssisələrində tədris prosesinə kömək göstərməyə hazırıq.
Möhtərəm cənab Prezident, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytardığınıza, bizə bəxş etdiyiniz bu şanlı qələbə üçün bir daha Sizə və müzəffər Ordumuza təşəkkür edirik. BDU ailəsi olaraq, biz həmişə yanınızdayıq və hər zaman əmrinizdəyik!
Qarabağ Azərbaycandır!
Bakı Dövlət Universitetinin Elmi Şurasının adından dərin hörmət və ehtiramla,
Babayev Elçin, rektor.
Azərbaycan Respublikası, Bakı şəhəri.