Logo

Azərbaycan geosiyasi kataklizmlərdən özünü necə sığortaladı?

03.03.2022 16:58 474 baxış
IMG

Ukraynada yaşananlar Vətən müharibəsi zamanı Azərbaycanın doğru qərarlar verdiyini bir daha təsdiqləyir.

Ukraynada baş verən proseslər Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasətin nə dərəcədə düzgün olduğunu bir daha isbat edir. Məhz bu siyasət hazırda ölkəmizi və xalqımızı baş verən təlatümlərdən sığortalayan başlıca faktor kimi qabarır.  Düşünülmüş, praqmatik, qlobal və geosiyasi reallıqları nəzərə alaraq gerçəkləşdirilən ağıllı siyasətin müəllifi olan Azərbaycan ötən dövrdə bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Həyata keçirilən xarici siyasətin əsasını Azərbaycanın milli maraqları, beynəlxalq hüququn norma və prinsipləri təşkil edib.

Özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan bu gün qonşu dövlətlərlə (Ermənistan istisna olmaqla) strateji əməkdaşlıq, müttəfiqlik əlaqələrinə malikdir. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət təkcə Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndiməyib, eyni zamanda, dövlətimizin təhlükəsizliyinə ciddi zəmanət yaradıb. Xüsusi vurğulanmalı məqam odur ki, Azərbaycan həm Türkiyə ilə, həm Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla indiki ən mürəkkəb dövrdə özünün təhlükəsizliyini daha da etibarlı müstəvi üzərinə gətirib. Diqqət etsək görərik ki, postsovet məkanında ikinci belə ölkə mövcud deyil...

Ukraynada baş verənlər hadisələr, xüsusilə Azərbaycan hakimiyyətinin 44 günlük Vətən müharibəsi zamanı doğru və düşünülmüş siyasət həyata keçirdiyini, doğru qərarlar verdiyini də bir daha təsdiqləyir. Hamının yaxşı xatirindədir ki, həmin vaxt tarixi qələbənin üzərinə kölgə salmaq istəyənlər, xüsusilə radikal müxalifətin təmsilçiləri “Xankəndiyə niyə girmədik” fikrini qabartmaqla məşğul idilər. İndi yəqin həmin adamlar da Azərbaycanın ən doğru seçim etdiyini, bu seçimlə hansı təhlükələrdən özünü qoruya bildiyini görmüş olarlar. Ən azı bu gün Avropanın ən böyük ölkələrindən olan Ukraynanın dünyanın gözü qarşısında yaşadıqlarına baxıb düzgün nəticə çıxartmaq, Azərbaycan hakimiyyətinin zamanında müdrik qərar verdiyini görmək mümkündür. Bəli, Azərbaycan 10 noyabr tarixli Bəyanata imza atmaya, Xankəndiyə ordu yeridə bilərdi. Amma bundan sonra hansı proseslər baş verəcəkdi? Azərbaycan bir yandan Rusiyanın açıq hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sərt sanksiyaları ilə baş-başa qalacaqdı. Azərbaycan ermənilərə qarşı növbəti dəfə hansısa “qırğını” həyata keçirməkdə əsassız olaraq ittiham ediləcəkdi və s. Nəticə o olacaqdı ki, bəlkə əldə etdiyimizi belə itirəcəkdik. Ukraynada yaşananlar Azərbaycan üçün daha pis formada baş verə bilərdi. O sadə səbəbdən ki, bu gün bütün dünya, xüsusən Qərb Ukraynanı açıq şəkildə dəstəkləyir. Bu dəstəyin arxasında həm də Qərbin maraqlarının durması da sirr deyil. Azərbaycanın yanında isə 44 günlük müharibədə, haqq işimizdə yalnız Türkiyə var idi.

Azərbaycan həmin vaxt düzgün qərar verməsəydi, erməni və havadarlarının təbliğat maşını dünyanı əleyhimizə çevriləcəkdi. Və biz nəinki 44 günlük müharibədə əldə etdiklərimizi, bütövlükdə müstəqilliyimiz və dövlətçiliyimizi itirmək kimi real təhlükə ilə üzləşəcəkdik. 

Bu acı ssenarini verdiyi düzgün qərarlarla heçə endirən Prezident İlham Əliyevin nəyə nail olduğu ortadadır:

-  bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər quraraq, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edib;

-  bu gün və gələcəkdə baş verəcək mümkün geosiyasi kataklizmlərdən Azərbaycanı sığortalayıb;

Azərbaycanın zamanında həyata vəsiqə qazandırdığı qlobal iqtisadi layihələr və bilavasitə ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionun iqtisadi inkişafına, qarışlıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Rəsmi Bakının Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməsi, paralel olaraq ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişafı  Azərbaycanı Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücə çevirib. Müstəqil siyasət yürüdən Azərbaycan region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini möhkəmləndirib.

Bütün bunların və yürüdülən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanı heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Verilən qərarların dərin siyasi təhlilə əsaslandığının, dövrün reallıqlarının incəliyinə qədər nəzərə alındığının şahidiyik. Onun da şahidiyik ki, hər hansı qərar verilən zaman gələcək üçün real proqnozlar müəyyən edilir, milli maraqlar əsas götürülür. Azərbaycan hər zaman bu xətti tutdu və zaman sübut edir ki, bu doğru xəttdir.

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, jurnalist Elman Babayev

Xəbər lenti