Logo

“Hamı onu müəllim kimi tanıyır, amma...” – 60-ı başa vuran əməkdar artist

04.03.2022 13:06 479 baxış
IMG

Qəzənfər Abbasov... Azərbaycan muğam musiqisində hamı onu müəllim kimi tanıyır. Amma əslində gözəl xanəndədir. Onun səsini, sənətini dərs dediyi sinif otaqlarına girəndə hiss edirsən. Hətta tanınmış Xalq artistlərinin tələbələri də onun sinfinə gəlib dediyi dərsə qulaq asır ki, Qəzənfər Abbasov sənətindən az da olsa faydalana bilsin.

Bəlkə elə bu səbəbdənir ki, saysız-hesabsız tələbələrinin səsi-sorağı böyük səhnələrdən eşidilir. 

Qaynarinfo Əməkdar artist Qəzənfər Abbasovla 60 yaşının tamam olmasıyla bağlı aldığı müsahibəni təqdim edir:

- Allah hamıya nəsib eləsin 60 yaşı. Hamı bu yaşın şirinliyini dadsın, 60 yaşın bir ayrı gözəlliyi var. 

- Bəs, el arasında belə deyirlər ki, insan 50-ni keçdisə, onun üçün həyat bitib...

- Yox, mən bununla razı deyiləm. Bu, üstüörtülü bir deyimdir. Əslində demək istəyirlər ki, insan 50-ni keçdisə, onun üçün ikinci həyat başlayır. 50-dən sonra insana başqa bir sevgi gəlir. Əsil gənclik 50-dən sonra başlayır.

- Bu 60 ildə Azərbaycan muğam sənətində saysız-hesabsız tələbə, xanəndə yetişdirmisiniz, xidmətləriniz böyükdür, danılmazdır. Belə bir yubileydə dövlətdən nə gözləyirsiniz? 

- Tələbələrimin canı sağ olsun, mən yetişdirib cəmiyyətə təqdim etdim. Əsas odur ki, bundan sonra da sənətlərinə davam etsinlər, muğam sənətini yaşatsınlar və mənim kimi onların da bu sənətdə davamçıları olsun. Qəzənfər sənəti davam etsin. Mən hokümətimizin sayəsində yaşayıram. Allah prezidentimizi var eləsin, Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Vaxtlı-vaxtında maaşlarımızı verirlər, işimiz var, dərsimizi deyirik, daha nə istəyirik... Əsas məsələ bu 60 yaşımda Qarabağı azad gördüm, torpaqlarımız bizdədir, rahatca gedib-gəlirik. Pis yaşamırıq. Belə bir dövlətdən razı olmalıyıq. 

- Tələbələrinizin Sizə münasibəti necədir. Tələbələr var ki, bir balaca irəli gedən kimi ustadlarını saymır, illərlə onu axtarmır. Hətta harda gəldi deyir ki, "mən heç kim öyrətməyib, özüm bu səviyyəyə çatmışam”...

- Allah hələ ki, məni belə bir halla qarşı-qarşıya qoymayıb. Axşamdan telefonum susmur. Hamı yazır, təbrik edir. Tələbələr övlad kimidir. Mən elə bir müəlliməm ki, tələbələrim mənim zəhmətimi itirməz. Həyatım boyu bu günə kimi heç bir tələbəmdən nəsə ummamışam. 

- Uzun illər evsiz, kirayədə yaşamısınız...

- Bəli, amma o günlər keçmişdə qaldı. 50 illik yubileyimdə Prezident mənə ev hədiyyə etdi. 4 otaqlı bir mənzil. Artıq köçmüşəm. Sağ olsunlar ki, məni evsiz qoymadılar.

- 60 yaşın həm də bir hesabat konserti olmalıdır...

- Aprel ayında böyük bir konsert planlaşdırıram. Konsertdə tələbələrimlə birlikdə çıxış edəcəyəm. Bu mənim arzumdur. Konsertim ya Muğam Mərkəzində olacaq, ya da konservatoriyada. Belə bir hesabatım var. Bəli, hər bir müəllimin yibileydə hesabat konserti olmalıdır. Qoy görsünlər ki, biz müəllimlər tələbələrə nə veririk. Bu günü isə balaca bir tədbirlə yola verəcəyik. Konservatoriyada tələbələrimlə birlikdə balaca bir mərasim keçirəcəyik, yubiley tortu kəsəcəyik. Tələbələrimin mənim üçün xərc çəkməsinə qıymıram.

- 60 pandemiyaya düşdü, yəqin 65-i ürəyiniz istədiyi şəkildə qeyd edərsiniz... 

- Bəs, 100 yaşı niyə demirsiniz? Əsas 100 illik yubileyi deyin, mən 105 il yaşayacam. Özümə söz vermişəm, düz 105 il yaşamalıyam.

Xəbər lenti