17-18 dekabr 2020-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin ilk onlayn təlimi keçirilib.
Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin iştirakçı qurumları olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apelyasiya Məhkəməsi seçilib.
Pilot layihə üzrə təlimin keçirilməsində əsas məqsəd iştirakçıların vəzifə təhlili və səriştələrin hazırlanmasına dair anlayışlarını inkişaf etdirmək, onları səriştələrin etibarlılığının əsas addımları ilə tanış etmək, iştirakçıların praktiki məşğələlər vasitəsilə kritik vəziyyətə dair və xəyali müsahibə üsulları haqqında anlayışlarını inkişaf etdirmək və ortaya çıxan davranışları qruplaşdırarkən nəzərə alınması lazım olan amilləri təqdim etmək olub.
Qeyd edək ki, pilot layihə üzrə bu təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə DİM-in müvafiq əməkdaşları və səriştə modelinin hazırlanmasında iştirak edəcək seçilmiş dövlət orqanlarının (pilot qurumların) nümayəndələrindən ibarət İşçi Qrupu üçün keçirilib.
Təlim SİGMA-nın İnsan Resurslarının İdarə Edilməsi (İRİE) sistemində təcrübəli ekspertləri olan Aine Gray və Laura Həmidova tərəfindən keçirilib.
Təlimin ilk günündə ekspertlər tərəfindən İRİE sistemində səriştələrin rolu, DİM tərəfindən müəyyənləşdirilmiş səriştələrin siyahısı, vəzifə təhlili, vəzifənin təhlil edilməsi üsulları, kritik vəziyyətə dair müsahibə üsulu haqqında təqdimatlar edilib, o cümlədən iştirakçılar qeyd olunan müsahibə üsulu haqqında müzakirələrə cəlb olunublar.
Təlimin növbəti günündə iştirakçılar kritik vəziyyətə dair müsahibə üsulu haqqında təcrübi-məşğələyə cəlb olunublar və onlara xəyali müsahibə üsulu, səriştələrin qruplaşdırılması, fokus qrupların səriştələrin etibarlılığını həyata keçirməsi haqqında məlumatlar verilib.
Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.