Logo

Akademik Musiqili Teatrda Beynəlxalq Qadınlar Gününə həsr olunan

05.03.2022 17:28 494 baxış
IMG

Martın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan "Qadın gülərsə..." adlı tədbir keçirildi. 

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecənin qonaqları ilk olaraq teatrın foyesində rəssamlar Nizar Məmmədov, Anar Yolçuyev, Mələk Abbaszadə və Cəlal Ağayevin xanımlara həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev əvvəlcə xanımları qarşıdan gələn əziz bayramları münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı. Qadınlar haqqında deyilmiş fikirlərdən nümunələr səsləndirən Elnur Əliyev dedi ki, əgər xanımlar olmasaydı, yer üzündə gözəllik anlayışı da olmazdı: “Əgər qadın olmasaydı, incəlik, zəriflik, məlahət, mərhəmət kimi anlayışların mənası qalmazdı. Afaq olmasaydı, bəlkə də Nizami dühası belə olmazdı. Azərbaycan qadını olmasaydı, “Azərbaycan maralı” ifadəsi musiqimizdə səslənməzdi. Abbas Səhhətin məşhur “Vətən” şeiri də Azərbaycan qadını, anası olmadan bu qədər möhtəşəm səslənə bilməzdi: 

Südüdür kim, dolanıb qanım olub,

O mənim sevgili cananım olub”.

Elnur Əliyev Azərbaycan qadınının həmişə mərd, vicdanlı övladlar tərbiyə etdiyini dedi: “Mədəniyyət Nazirliyi olaraq vəzifəmiz həm də odur ki, mədəniyyətimizdə qadınların rolunu vurğulayaq. “Xanım” müraciətimiz xalqımızın qadına verdiyi dəyərin göstəricisidir. Azərbaycan qadınının gözəlliyi, mətanəti, mənəvi ucalığı həm də milli mədəniyyətimizə zənginlik gətirib”.
Nazirin birinci müavini çıxışının sonunda bir daha xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, cansağlığı və xoşbəxtlik arzuladı.

Daha sonra yalnız kişi incəsənət ustalarının çıxışlarından ibarət konsert proqramı təqdim olundu. 

Musiqinin müxtəlif janrları, muğam, estrada, operanı əhatə edən proqram rəngarəng nömrələrlə əsl bayram əhvalı yaratdı. Xüsusi zövqlə seçilmiş proqramda Xalq artistləri Mübariz Tağıyev, Teyyub Aslanov, Samir Cəfərov, Ənvər Sadıqovun bənzərsiz ifaları orqanik şəkildə sanki bir-birini tamamlayırdı. Sevgi, sülh və bahar təravətli musiqilərin vəhdəti qadın dünyasının rəngarəng gözəlliyini tərənnüm edirdi. Gənc estrada ifaçıları, “Avanqard” orkestri, “Xəmsə” ansamblı, paytaxt teatrlarının təbrik ünvanlı çıxışları da maraqla qarşılandı.

Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları isə öz möhtəşəmliyi ilə həm tariximizi səhifələdi, həm də rəqs sənətimizin zənginliyini nümayiş etdirdi. Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən proqramı bütün xanımlar minnətdarlıqla qəbul etdilər. Dillərdə bir arzu vardı: dünyada sülh olsun və həmişə şən notlar səslənsin...

Xəbər lenti