Martın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan "Qadın gülərsə..." adlı tədbir keçirilib.
Tehsil.biz xəbr verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecənin qonaqları ilk olaraq teatrın foyesində rəssamlar Nizar Məmmədov, Anar Yolçuyev, Mələk Abbaszadə və Cəlal Ağayevin xanımlara həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev əvvəlcə xanımları qarşıdan gələn əziz bayramları münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qadınlar haqqında deyilmiş fikirlərdən nümunələr səsləndirən Elnur Əliyev deyib ki, əgər xanımlar olmasaydı, yer üzündə gözəllik anlayışı da olmazdı: “Əgər qadın olmasaydı, incəlik, zəriflik, məlahət, mərhəmət kimi anlayışların mənası qalmazdı. Afaq olmasaydı, bəlkə də Nizami dühası belə olmazdı. Azərbaycan qadını olmasaydı, “Azərbaycan maralı” ifadəsi musiqimizdə səslənməzdi. Abbas Səhhətin məşhur “Vətən” şeiri də Azərbaycan qadını, anası olmadan bu qədər möhtəşəm səslənə bilməzdi:
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub”.
Elnur Əliyev Azərbaycan qadınının həmişə mərd, vicdanlı övladlar tərbiyə etdiyini deyib. “Mədəniyyət Nazirliyi olaraq vəzifəmiz həm də odur ki, mədəniyyətimizdə qadınların rolunu vurğulayaq. “Xanım” müraciətimiz xalqımızın qadına verdiyi dəyərin göstəricisidir. Azərbaycan qadınının gözəlliyi, mətanəti, mənəvi ucalığı həm də milli mədəniyyətimizə zənginlik gətirib”.
Nazirin birinci müavini çıxışının sonunda bir daha xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, cansağlığı və xoşbəxtlik arzulayıb.
Daha sonra yalnız kişi incəsənət ustalarının çıxışlarından ibarət konsert proqramı təqdim olunub.
Musiqinin müxtəlif janrları, muğam, estrada, operanı əhatə edən proqram rəngarəng nömrələrlə əsl bayram əhvalı yaradıb. Xüsusi zövqlə seçilmiş proqramda Xalq artistləri Mübariz Tağıyev, Teyyub Aslanov, Samir Cəfərov, Ənvər Sadıqovun bənzərsiz ifaları orqanik şəkildə sanki bir-birini tamamlayıb. Sevgi, sülh və bahar təravətli musiqilərin vəhdəti qadın dünyasının rəngarəng gözəlliyini tərənnüm edirdi. Gənc estrada ifaçıları, “Avanqard” orkestri, “Xəmsə” ansamblı, paytaxt teatrlarının təbrik ünvanlı çıxışları da maraqla qarşılanıb.
Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları isə öz möhtəşəmliyi ilə həm tariximizi səhifələdi, həm də rəqs sənətimizin zənginliyini nümayiş etdirib. Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən proqramı bütün xanımlar minnətdarlıqla qəbul ediblər. Dillərdə bir arzu vardı: dünyada sülh olsun və həmişə şən notlar səslənsin...