Martın 5-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və səfirin müavini Moazzam Ali Sahito ilə görüşüb.
Səfiri salamlayan nazir Anar Kərimov iki ölkə arasında tarixən mövcud olan dərin dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb. Ölkələr arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Nazir ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb və Pakistan İslam Respublikasını da bu qlobal çağırışa qoşulmağa dəvət edib. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.
Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Bilal Haye iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin sıx olduğunu və hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.
Görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib və ölkələrimiz arasında qarşılıqlı olaraq mədəniyyət festivallarının keçirilmə imkanları müzakirə olunub.
Eyni zamanda Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa prosesində birgə əməkdaşlıq məsələləri barədə söhbət açılıb.
Görüş hər iki tərəfi maraqlandıran bir sıra mühüm müzakirələrlə davam etdirilib.