Logo

Pedaqoji Universitet qadın əməkdaşlarını təbrik etdi

05.03.2022 22:19 609 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə ali təhsil müəssisəsinin struktur bölmələrinin rəhbərliyində yer alan qadın əməkdaşları ilə görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri dosent Vaqif Əliyev bildirib ki, Pedaqoji Universitetdə bu mərasim artıq bir ənənə halını alıb. Universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi personalın böyük hissəsini təşkil edən qadın əməkdaşlarımızı daim diqqətdə saxlayır. 

ADPU-nun rektoru professor Cəfər Cəfərov qadın əməkdaşları əlamətdar bayram münasibətilə təbrik edərək bildirib ki, bu gün qadınlarımız cəmiyyət həyatının bütün sahələrində, xüsusilə təhsil sahəsində önəmli yer tutur, ölkəmizin inkişafına layiqli töhfələrini verirlər. 

Ən əsası isə məhz qadınlarımızın yetişdirdiyi igidlər şanlı Vətən müharibəsində bizə böyük zəfər sevincini yaşadılar. 

Bunlar arasında vətənpərvər və savadlı gəncliyin tərbiyəsində müstəsna rolu olan ADPU-nun qadın əməkdaşlarının da özünəməxsus yeri var. O cümlədən, Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova da ADPU nəzdində Pedaqoji Kollecin məzunudur.

Daha sonra Universitet Həmkarlar İttifaqı Komitəsi tərəfindən qadın əməkdaşlara hədiyyələr təqdim olunub.

Xəbər lenti