Bakı Ali Neft Məktəbinin (BANM) Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi tərəfindən “Erasmus+İnfo Day” adlı vebinar təşkil edilib. I, II və III kurs tələbələrinin qatıldığı onlayn görüşdə BANM-in 312 tələbəsi iştirak edib.
Tehsil.biz xəbər verir ki, vebinar çərçivəsində Ali Məktəbin Erasmus+ proqramı ilə əməkdaşlığı, mübadilə proqramlarına müraciət qaydaları, seçim mərhələsi və əməkdaşlıq etdiyi universitetlər haqqında məlumatlar verilib və tələbələrin sualları cavablandırılıb.
Hazırda təhsilini Almaniyanın Şmalkalden Universitetində davam etdirən İsmayıl Məhili, 2019-cu ildə mübadilə proqramı çərçivəsində İspaniyanın Alkala Universitetində təhsil alan Səkinə Nağızadə və 2020-ci ildə mübadilə proqramı çərçivəsində Yunanıstanın Qərbi Attika Universitetində təhsil almış Həmidə Əliyeva vebinara qoşularaq öz təcrübələrini və təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, hazırda BANM-in 12 tələbəsi Erasmus+ tələbə mübadiləsi ilə proqramın tərəfdaşı olan 6 ölkədə təhsillərini davam etdirirlər.