Logo

Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir

06.03.2022 10:15 1137 baxış
IMG

8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.

Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da  qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır.

Mövcud istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmış, fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması barədə tapşırıq verilmişdir. Fərmanın icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı” təsdiq edilmişdir. Bu Qərar bütün dövlət orqanları (qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə xidmət edir. Qadın hüquqlarının tənzimlənməsinə xidmət edən digər normativ sənədlər. Qadın hüquqları eyni zamanda bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) də təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” ,“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. 1998-ci il sentyabrın 25-də  Azərbaycan qadınlarının ilk qurultayı keçirilmişdir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.

Anar Salehoğlu,
YAP Yevlax rayon təşkilatının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Elmi Cəmiyyətinin sədr müavini, ictimai fəal

Xəbər lenti