Logo

Bir-birlərinin adlarına aşiq olan cütlük - FOTO

07.03.2022 11:00 529 baxış
IMG

İranda qastrol səfərində olanda “Bəyaz gecələr”də Nofəl Xəyalpərəsti, mən Nastenkanı oynayırdım. İkimiz səhnədə olanda Nofəl göz-qaş edirdi. Deyirəm, görən niyə göz-qaş edir. Sən demə...
 
Deyirlər ki, ərlə arvadın torpağı bir yerdən götürülüb. Deyəsən, doğru misaldır. Bu ər-arvadın torpağı da bir yerdən  - Füzulinin “Leyli və Məcnun”undan götürülüb. Müsahiblərim əvvəl tələbə, sonradan həyat və iş yoldaşları olan Gənc Tamaşaçılar Teatrının aktyorları Leyli və Nofəl Vəliyevlərdir.

Kaspi qəzetinin Leyli Vəliyeva və Nofəl Vəliyevlə olan müsahibəsini təqdim edirik:


 Bu, qəhrəmanlıq deyil

Leyli xanım deyir ki, sevmək, sevgiyə tab gətirmək çətindir: “Məncə, heç vaxt heç nə təsadüfi olmur. Bəlkə də, Nofəl əvvəlcə adımı sevib. Çünki Füzulini sevir və çox qəzəllərini əzbər bilir. Özü etiraf etməsə də, məncə, belə olub. Mən isə nə Qeys, nə də Məcnun adını sevirəm, mən elə Nofəl adını sevirəm”.  Leyli xanımın sözünə qüvvət olaraq Nofəl bəy də deyir ki, adlar təsadüfi məsələ deyil: “Kəndimizdə bir qadın vardı. Başı çox bəlalar çəkmişdi. İnsanların da biganə qaldığı bu qadının başına gələnlər sanki qadın hüquqlarının pozulmasının pik həddi idi. Həqiqət adı bu qadına təsadüfi qoyulmamışdı. Əslində, o, həqiqəti özündə əks etdirir, acı tərəfini, reallığı daşıyırdı. Düşünürəm ki, təsadüf yoxdur, reallıq üçün baş verir hər şey. Gözəl ailəmiz var, alnımız açıqdır. Həmişə ailəmizi qorumağa  çalışmışıq. Bir çox şeylərin üstündən xətt çəkmişik təmiz adımıza görə. Leyli də, mən də bundan peşman deyilik.  Olub ki, uzun illər bir paltoda gəzmişik, amma sabah uşağımızın adına xələl gətirəcək bir addım atmamışıq. Və bu, qəhrəmanlıq deyil, belə də olmalıdır. Biz ciddi ailələrdə böyümüşük və belə görmüşük”.

Teatrda ağıllı risklər

Söhbətimiz şəxsi sevgidən dərhal da teatr sevgisinə keçdi. “Teatrda nə çatmır?” sualıma Nofəl bəy belə cavab verir: “Teatrda, hələ ki, risk çatışmır. Ağıllı risk çatışmır. Söhbət nə gəldi etməkdən, həftə-becərdən getmir. Teatrların hamısına aid deyil, ümumən deyirəm, məktəb, stil problemi var və bir də yeni, alternativ teatrlar yaranmalı və onlara dəstək olmalıdır. Bu gün Azərbaycan cəmiyyəti o vəziyyətdə deyil ki, teatr açılsın və özünü dolandırsın. O barədə biz Amerika deyilik. Bizdə özəl teatrlar olsa da, hələ inkişaf mərhələsindədir. Türkiyədə bu sektor var, yaxşı da inkişaf edib. Bayaq dediyim kimi alternativ teatrlar olmalıdır, tamaşaçıları duyğulandıran, düşündürən, emosional təsir edən teatrlar da olmalıdır ki, o biri teatrlarla da yaxşı mənada, dostcasına bir rəqabət yaransın. Teatrlarımızda bax bu çatışmır”.


 Rejissor problemi

“Azərbaycan teatrında da, kinosunda da böyük bir problem var, o da rejissor problemidir” deyir Nofəl bəy. Bir ara  mətbuatda bir çox yazılar getdi ki, teatrların vəziyyəti yaxşı deyil. Amma baxıram, özləri  serial sektorundadır.  Bəyəm serial sektoru yaxşı durumdadır? Filmlərimizin durumu yaxşıdır? Yaxın olduğu üçün deyirəm, məsələn, Rusiya kanallarından birinə çevirib ən bayağı seriala baxsaq, bu fərqi görərik. Rejissor, aktyorla işləmək, ssenari problemi var. Tamaşaçını  düşünmək lazımdır. Onu unuda bilməzsən. Teatrlarda yeni rejissorlara da yol açılmalıdır. Başqa teatr formaları yaradılırsa, onlara dəstək olunmalıdır. Bir daha deyirəm, söhbət ciddi teatrdan gedir. Bilirsiniz, bu gün səhnədə, misal üçün deyirəm, əgər “İblis” tamaşası qoyulursa, o elə səhnələşdirilməlidir ki, tamaşaçı baxsın”.


 “Xeyr, tamaşaçı çox ağıllıdır”
 
“Klassika toxunulmazdırmı?” sualıma Məryəm Əlizadənin sözünü misal çəkib cavab verən Nofəl bəy deyir ki, klassika muzey eksponatı deyil, əl dəymək olar. Olar, amma qoy bunu Leyli davam etdirsin. Leyli xanım da gözəl baxışlarını Nofəl bəydən mənə yönəldib davam edir: “Yeniliyi çox sevirəm. Klassik əsərləri müasir formada çəkirlər. Bəlkə də, orta əsrlərin geyimində, ab-havasında tamaşaçı onu bəyənməzdi. Amma müasir olsa, bəyənər, baxar. Ancaq elə olmalıdır ki, bayağı olmasın, şit olmasın. Bizə elə gəlir ki, hər cür tamaşaçı var. Xeyir, elə deyil. Birinin xoşuna gələn şey hamının xoşuna gəlir. Pis bir nüans varsa, onu hamı qeyd edir. Əziz aktyorlar, rejissorlar, elə düşünməyin ki, tamaşaçı nəyisə bilmir. Xeyr, tamaşaçı çox ağıllıdır. Mən aktrisa kimi rolumun üzərində son dərəcə diqqətlə işləyirəm. Düşünürəm ki, tamaşaçı məndən də ağıllıdır”.

 
Mental baryerlər götürülüb
 
Nofəl bəy də əlavə edir ki, klassikanı dəyişmək də olar, dəyişməmək də: “Bir tamaşada mən qışqırmalı idim. Onu çox təbii şəkildə, içimdən gələrək edirdim. Amma sonra ustadımız Cənnət Səlimovaya dedim ki, mənim səsim pisdir, adama pis təsir etmir ki? O dedi: “Səhnədə heç nə az və ya çox deyil, əgər yerindədirsə, təbiidirsə!” Götürək ölüm xəbərini. Bəzən rejissorlar deyir ki, insan ölüm xəbərini eşidəndə qışqırmır. Niyə qışqırmır? Qışqıra bilər axı. Kənd qəbiristanlığında gənc övladını itirən  bir ana başını başdaşına söykəyib sakit ağlayır. Başqa bir ana isə artıq qəbiristanlığın o başından oxuya-oxuya gəlir, səsi oranı götürür. Heç biri saxta ağrı deyil. Əsas odur ki,  tamaşanın təhlili düz olsun və aktyorlar düzgün oynasın. Bu gün, ümumən mental baryerlər götürülüb. Ona görə də rejissorlar müasir geyimlərə əl atır. Yeni qurulan “Romeo və Culyetta”da obrazlar cırıq cins, qısa ətəklər, dekoltelərdə ola bilər. Yəni klassik əsərlərin müasirləşdirilməsinin əleyhinə deyiləm. Olduğu kimi qurulmasının da əleyhinə deyiləm. Yetər ki, o qəbir daşını qucaqlayıb ağlayan aktyor düzgün ağlasın. İstəyir qışqıraraq ağlasın, istəyir sakit ağlasın”.

Teatr qarderobdan başlayır?

Nofəl bəy ingilis rejissoru Piter Brukdan sitat çəkir: “Çox gözəl teatr sarayı olar, amma teatr olmaz. Bazar meydanında bir xalçada iki aktyor elə oynayar ki, əsl teatr olar. Soruşsanız, əsl teatr necə olmalıdır, cavab verə bilmərəm. Amma “əsl teatrda nə olmamalıdır” sualına cavab verə bilərəm”. Yəni teatrda heç qarderob olmaya da bilər. Məsələn, Bakı Kamera Teatrında qarderob yox idi. Amma teatr idi. Təbii ki, Stanislavski bunu ümumi estetika mənasında deyib.


 Görən niyə göz-qaş edir?

Leyli xanım İran səhnəsində başlarına gələn məzəli hadisəni danışdı: “Bəyaz gecələr”də Nofəl Xəyalpərəsti, mən Nastenkanı oynayırdım. İkimiz səhnədə olanda Nofəl göz-qaş edirdi. Deyirəm, görən niyə göz-qaş edir? Sən demə, yaylığım sürüşüb, işarə edirmiş ki, düzəldim”. Və sonda Leyli xanım dedi ki, istəyirəm reperutarımız geniş olsun, yeni tamaşalarımız olsun və teatrın bütün zallarında işıq yansın.

Xəbər lenti