Azərbaycan Texnologiya Universiteti Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli Texnoloji Startapların İnkişafına Dəstək" layihəsində tərəfdaş kimi çıxış edir.
Tehsil.biz xəbər verir ki, adıçəkilən layihə çərçivəsində icraçı təşkilat (STW) tərəfindən universitetə növbəti işgüzar səfər baş tutub.
İşgüzar səfər STW şirkətinin konsultantı Stephen Omullane tərəfindən həyata keçirilib.
Səfərin əsas məqsədi universitetdə innovasiya ekosisteminin (həmçinin inkubasiya/akselerasiya proqramlarının təşkili və təlim ehtiyaclarının təyini) qurulması üçün fəaliyyət strategiyasının təkmilləşdirməsi xarakteri daşıyıb.
İki gün müddətində keçirilən intensiv təlimlərdə ekspert universitet nümayəndələri ilə texnoloji startaplara dəstək mexanizminin qurulması üçün 3 illik Strateji plan və Fəaliyyət planının yazılmasına dair öz təcrübələrini bölüşüb və təlim iştirakçılarını hər iki sənədin hazırlanması üçün metodologia haqqında məlumatlandırıb. Eyni zamanda ekspert bildirib ki, 3 ay müddətində ekspertlə birgə mütəmadi fəaliyyət göstərmək və lazımi sənədləri hazırlamaq üçün universitet tərəfindən işçi qrupu müəyyənləşdirilməli və həmin işçi qrupu 3 ay müddətinə - aprel-may-iyun aylarında layihə çərçivəsində cari komponent üzrə nəzərdə tutulan fəaliyyətləri yerinə yetirməlidir.