Logo

Azərbaycan və Türkiyə arasında kitabxana və nəşriyyat işi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirilir

09.03.2022 15:13 510 baxış
IMG

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında kitabxana və nəşriyyat işi sahələrində geniş şəkildə əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbul şəhərində təşkil olunan İstanbul Beynəlxalq Naşirlər Həftəsi və kitabxana işi üzrə təlimlərə qatılıb.

Nümayəndə heyəti 2022-ci ilin 6 mart tarixində təşkil olunan Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan xalq kitabxanalarının fəaliyyətinə dair təlimlərdə iştirak etmişdi. Xalq kitabxanalarında tətbiq olunan təsnifləşdirmə və indeksləşdirmə sistemləri ilə tanış olunmuş, UOT (Universal Onluq Təsnifatı), KBT (Kitabxana Biblioqrafiya Təsnifatı) mövzularında fikir mübadiləsi aparılmış, iki ölkə arasında kitabxana işi üzrə sistemlərin eyniləşdirilməsi perspektivləri müzakirə edilmişdir.

Nümayəndə heyəti 7 mart 2022-ci ildə təşkil olunan Naşirlərin Fikir Maratonu (Ideathon) və Beynəlxalq Ədəbi Tərcümə Proqramının açılış mərasimlərində iştirak etmiş və keçirilən  tədbirlərin formatı və iş prinsipi ilə tanış olmuşdur.

İstanbul Beynəlxalq Naşirlər Həftəsində kitabxana və nəşriyyat işi üzrə 72 ölkədən 332, Türkiyə Respublikasından isə 223 iştirakçı təmsil olunur.

9 mart 2022-ci il tarixində Granda Cavahir Oteldə Naşirlərin Fikir Maratonunun (Ideathon) qaliblərinin mükafatlandırma mərasimi keçiriləcəkdir.

Kitabxana və nəşriyyat işi üzrə təlimlər və tərcrübə mübadiləsi mart ayının 13-dək davam edəcək.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin Kitab sənayesi şöbəsinin Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, həmin şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının əməkdaşı Nazim Azakov daxildir.

Xəbər lenti