Logo

Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir

10.03.2022 12:18 897 baxış
IMG

Fevralın 9-da keçirilən seçkilərlə də xalqın iradəsini əks etdirən yeni parlament heyəti formalaşdırıldı. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Parlamentin yenilənən tərkibi onu göstərir ki, Milli Məclisdə köklü islahatların aparılmasına zərurət var idi. 

Keçirilmiş parlament seçkilərində iştirak etmək üçün hər bir ölkə vətəndaşına və bütün siyasi qüvvələrin iştirakına yaradılan şərait seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçəcəyindən xəbər verirdi. Yerli və xarici müşahidəçilərin, o cümlədən dünyanın aparıcı kütləvi informasiya vasitələri əməkdaşlarının çoxluğunun da seçkilərə  marağı  beynəlxalq aləmdə diqqət mərkəzində idi.

Mövqeyindən asılı olmayaraq, siyasi partiyaların nümayəndələrinin seçkilərə qatılmasına problem yaradılmaması da dövlət başçısının siyasi iradəsinin nəticəsi idi. Bütün bunların sonu kimi, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşdı. Milli Məclisin  və komitələrin rəhbərliyində müxtəlif siyasi partiyaların nümayəndələrinin təmsil  olunmaları siyasi sistemin möhkəmləndirilməsi, münasibətlərin, habelə əməkdaşlığın  sağlam zəmində inkişaf etdirilməsinə öz müsbət təsirini göstərdi.  

2020-ci il martın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Ölkədə aparılan inqilabi islahatlar parlamentin həmin iclasında özünü açıq şəkildə büruzə verdi. Milli Məclisin və komitələrin rəhbərliyi yeniləndi. İlk dəfə olaraq, parlamentin rəhbərliyində müxalifət partiyasının nümayəndəsi təmsil olundu. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu oldu. Dövlət başçısının parlamentdəki çıxışında qaldırdığı məsələlər sırasında, xüsusilə, çoxpartiyalılığın Azərbaycanın siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulayaraq qeyd etmişdir:

“2018-ci ilin aprel ayında respublikamızda keçirilən prezident seçkilərindən sonra dövlət başçısının təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildi. Bu islahatlar kursu bütün sferaları əhatə etdi. Ölkəmizin rəhbəri nitqində diqqətə çatdırdı ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirildi və hazırda bu proses uğula davam etdirilir”.

Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Etiraf olunmalıdır ki, ötən illərdə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi bir hal baş verməmişdir. Bu mütərəqqi addım da məhz Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır. Əlbəttə ki, Milli Məclis Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək istiqamətində bundan sonra daha fəal iş aparmalıdır. Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Həmçinin qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində inkişaf etdiriləcəkdir.

Fikrət Rzayev,

ADPU-nun sosial və hümanitar məsələlər üzrə prorektoru, əməkdar müəllim, professor

Xəbər lenti