Logo

Şirməmməd Qulubəylinin Azərbaycan və İngilis dilinə dair kitablarının təqdimatı olub

10.03.2022 12:34 721 baxış
IMG

Naxçıvan Dövlət Universitetində  Şirməmməd Qulubəylinin Azərbaycan və İngilis dilinə dair kitablarının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında professor-müəllim heyətinin yeni keyfiyyətli və oxunaqlı metodik vəsait və kitab nəşrlərin sayının artmasını yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, universitetin Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəylinin “Müasir Azərbaycan dilində ismi funksional-semantik sahələr” monoqrafiyası və “İngilicə-Azərbaycanca danışıq” kitabları daim yenilik tələb edən dil sahəsinə mühüm töhvə olaraq dəyərləndirilməlidir.

Bildirilib ki, kitablar orta və ali məktəblərdə təhsilverən və təhsilalanların işini sadələşdirərək bu ixtisası daha asan mənimsəməyə yardımçı olacaq vasitədir. Rektor vurğulayıb ki, ali təhsil ocağının müəllimlərinin kitabları  universitet kitabxanası ilə yanaşı, muxtar respublikadakı kitabxanalara da təqdim edilir. 

“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova qeyd edib ki, müəllif 256 səhifədən ibarət “Müasir Azərbaycan dilində ismi funksional-semantik sahələr” monoqrafiyasında Azərbaycan dilinin qrammatikasına aid önəmli məlumatlardan bəhs edib. Diqqətə çatdırılıb ki, kitab ənənəvi qramatik kateqoriyalar müstəvisində deyil, dilçilikdə yeni elmi-nəzəri baxış olan funksional-semantik sahə müstəvisində yazılıb.

Bildirilib ki, 260-a yaxın elmi mənbənin müraciət edildiyi kitabda əsas nitq hissəsi olan ismə ən doğru yanaşma edilərək ismin hal kateqoriyası, müasir Azərbaycan dilində ismin mənsubiyyət və xəbərlik kateqoriyası, qrammatik kateqoriyaları, son dövrlərə aid türkoloji araşdırmalarda mənsubiyyət anlayışının tədqiqinə dair bir çox vacib məsələlər yer alır. 

“Roman-German dilləri” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əli Allahverdiyev bildirib ki, monoqrafiyada bütün dil vasitələri tədqiqata cəlb olunub. Diqqətə çatdırılıb ki, danışıq kitabında müxtəlif söz və ifadələrin fərqli kontekslərdə ifadə formaları, mövzulara dair bədii ədəbiyyat nümunələrinin tərcüməsi də verilib.

“İngilis dili və tərcümə” kafedrasının baş müəllimi Aidə Cəlilzadə qeyd edib ki, 2 fəsildən ibarət olan kitabda dilçilikdə sahə nəzəriyyəsi, mənsubiyyət kateqoriyasının Azərbaycan dilçiliyində və türkologiyada tədqiqinə dair və bir sıra mühüm mövzular öz əksini tapıb. Vurğulanıb ki, “İngilicə-Azərbaycanca danışıq” kitabında tanışlıq, dil, iş, inam, tanışlığın dərəcəsi və digər məsələlərın hər iki dildə izahı verilib. Həmçinin kitabda 7 mövzuya dair danışıq ifadələri eyni zamanda müəllifə və tanınmış şəxsiyyətlərə məxsus, oxucu üçün mənəvi-tərbiyəvi mahiyət daşıyan hikmətli sözlər xüsusilə diqqəti çəkir.  

Sonra Dilşünaslıq ixtisası üzrə II kurs magistrant Lalə Rzayeva müəllifin gərgin əməyi sayəsində ərsəyə gələn kitabların tələbələr üçün olduqca faydalı bildirib.

Çıxış edənlər müəllifə yaradıcılıq uğurları arzu ediblər.

Sonda müəllif kitabların nəşrində göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və bundan sonra da dil sahəsində daha geniş tədqiqatlar edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti