Logo

Mədəniyyət nazirindən Milli Teatr Günü ilə bağlı TƏBRİK

10.03.2022 12:44 478 baxış
IMG

Mədəniyyət naziri Anar Kərimov Milli Teatr Günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

Tehsil.biz xəbər verir ki, məktubda deyilir:

"Hörmətli teatr xadimləri, əziz teatrsevərlər!

Bu gün 10 Mart Milli Teatr Günü – Azərbaycanda teatr sənətçilərinin peşə bayramıdır. 1873-cü ilin bu günündə M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşası ilə peşəkar teatrımız pərdələrini ilk dəfə tamaşaçıların üzünə açıb. 

Azərbaycan teatrı yarandığı vaxtdan bu günə qədər uzun və şərəfli inkişaf yolu keçərək, bir çox uğurlara imza atıb. Cəhalətlə mübarizədə ən kəskin silahlardan biri kimi teatr sənəti cəmiyyətin mədəni-estetik tərbiyəsində mühüm rol oynayıb. 

Teatr cəmiyyətin estetik zövqünü tərbiyə etməklə yanaşı, milli təfəkkürün formalaşdırılmasına xidmət edir. 

Sevindirici haldır ki, bu gün Azərbaycan teatrının tamaşaçısı həm klassik, həm müasir tamaşalara maraq göstərir. Teatrların repertuarını Azərbaycan və dünya dramaturgiyasının nümunələri bəzəyir. Ölkəmizdə dövlət teatrları ilə yanaşı, özəl teatrlar da fəaliyyət göstərir. Rəngarəng teatr mühitini yaratdıqları üçün ən böyük təşəkkür teatr xadimlərimizə düşür.

Sizi – teatr sənətini sevən bütün vətəndaşlarımızı Milli Teatr Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan teatrı gündən-günə inkişaf etsin və qlobal miqyasda da öz möhürünü vurmağı bacarsın!"

Xəbər lenti