Logo

ADU-da Azərbaycan-Çin münasibətlərinin 30-cu ildönümünə həsr edilmiş yeni nəşrin təqdimatı olub

10.03.2022 15:38 483 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Çin və Azərbaycan dilində nəşr olunan “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü. Prezident salnaməsi” kitabının təqdimatı keçirilib.

ADU-dan bildirilib ki, kitabda Prezident İlham Əliyevin 2003-2021-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində çıxışları, nitqləri, müsahibələri, məktubları və məruzələri yer alıb.

Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla kitabın çapını əlamətdar hadisə adlandırıb və bildirib ki, yeni nəşr son dərəcə vacib mövzuya həsr olunub. Kitab təkcə çinşünaslar üçün deyil, eyni zamanda, Çinə yaxın və uzaq ölkələr üçün münasibətlərin yol göstərici ola bilər: “Azərbaycan Prezidenti İlham Əliyev ölkə həqiqətlərinin dünyaya çatıdırılması üçün əldə olan imkanlardan həmişə tam şəkildə istifadə edib. Hesab edirəm ki, bizim digər mərkəzlər də bu nəşrdə əks olunan istiqamətdə kitablar, tədqiqat əsərləri ortaya qoymalıdırlar”.

Universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı İbrahim Kazımbəyli Azərbaycan-Çin münasibətlərinin inkişafının əsas tarixi mərhələləri, ulu öndər Heydər Əliyevin ÇXR-ə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan, Böyük İpək Yolu ilə bağlı tarixi səfəri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, kitabın Çin dilində nəşr olunması ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətlərinin genişləndirilməsi sahəsində göstərdiyi fəaliyyətin Çin cəmiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Təqdimatda çıxış edən ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın böyük tərəqqi yolu keçdiyini, dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrildiyini vurğulayıb. S.İmanova Çin dilində kitabın təqdimatının ADU-da keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin təhsil sahəsində uğurlu siyasəti nəticəsində universitetdə 20-dən artıq xarici dil tədris olunur, Konfutsi İnstitutu və dil mərkəzləri fəaliyyət göstərir. 2012-ci ildən isə ADU-da Çin dili tədris olunur.

Həmin kafedranın dosenti Emil Qasımov bildirib ki, kitab Prezident İlham Əliyevin parlaq intellekti və uğurlu siyasi gələcəyi olan dövlət xadimi kimi bütün dünyada tanındığını bir daha təsdiq edir. Bu nəşr Azərbaycan-Çin əməkdaşlığında böyük rol oynayacaq, Azərbaycan və dünya ictimaiyyəti üçün qiymətli mənbəyə çevriləcək və eyni zamanda, ADU-nun Çin dilini öyrənən tələbələri üçün dəyərli dərs vəsaiti olacaq.

ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Kəmalə Yusifova isə Çin kimi qədim tarixə malik bir dövləti araşdırmağın şərəfli bir missiya olduğunu söyləyib və kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib. O, Azərbaycanla Çin arasında münasibətlərin inkişafında professor R.Abbasovun danılmaz əməyini xatırladıb.

Xəbər lenti