Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin 1-ci kurs tələbəsi Aytac Vəzirovanın “Rəngli dünyam” adlı fərdi yaradıcılıq sərgisi təşkil edilib.
AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Aytacın portret, mənzərə, natürmort janrlarında çəkdiyi 70 rəsm əsəri və 15 əl işi nümayiş olunub.
Sərginin açılışında çıxış edən AzMİU-nun Tarix muzeyinin direktoru Gülmira Məmmədova gənc rəssam barədə məlumat verib, onun Bakı şəhərində keçirilən müxtəlif rəsm müsabiqələrində iştirak etdiyini, diplom və mükafatları olduğunu vurğulayıb. Rektorun müşaviri İlham Mərdanov Aytacı fərdi sərgisinin açılması münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Gənc rəssamın yağlı boya ilə işlədiyi “Yelkənli gəmi”, “Xəyallar dünyası”, “Venetsiya”, “Yazın gəlişi”, “Bakı gecələri” rəsmləri, karandaşla çəkdiyi portretlər, qrafika və dekorativ əl işləri iştirakçıların diqqətini cəlb edib.