Logo

Lənkəranda mədəniyyət ocaqlarına baxış və müəssisələrin rəhbərləri ilə görüş keçirilib

11.03.2022 13:00 450 baxış
IMG

 Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərində səfərdə olub, bir sıra mədəniyyət müəssisələrinə, tarixi abidələrə baş çəkib.

Tehsil.biz xəbər verir ki, “Kiçik bazar” məscidini də ziyarət edən Anar Kərimova dini abidə haqqında məlumat verilib. Bildirilib ki, 1906-cı ildə inşa edilən məscid indiyədək əvvəlki görkəmini qoruyub saxlayıb, hazırda dövlət tərəfindən mühafizə olunur. Sonra nazir “Kiçik bazar” və Hacı Mirzə hamamlarının cari vəziyyəti ilə tanış olub.

Səfər çərçivəsində nazir həmçinin Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində olub. Nazirə məlumat verilib ki, təhsil ocağı 1957-ci ildən fəaliyyət göstərir. 53 sinif otağı olan məktəbdə xalq çalğı alətləri orkestri, balaban, kamança, qarmon, xanəndələr, qanun, nağara ifaçıları ansambılları, həmçinin “Cənub qızlar”, “Buta” folklor ansamblı, birləşmiş xor və s. fəaliyyət göstərir.

Nazir məktəbin “Buta” ansamblının ifasında “Qədim düyü bayramı” kompozisiyasını və xor kollektivinin çıxışını izləyib.

Mədəniyyət naziri Lənkəran şəhər Mərkəzi Kitabxanası və Həqiqət Rzayeva adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olub. Məktəbin foyesində həmin məktəbin müəllimi Mirəhməd Kərimov və birləşmiş xor kollektivinin ifasında musiqili kompozisiya təqdim olunub. Daha sonra nazirə məktəbin fəaliyyəti barədə məlumat verilib.

Mədəniyyət naziri Anar Kərimov 10 mart - Milli Teatr Günündə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına baş çəkib, teatrın fəaliyyəti ilə tanış olub. Nazir həmçinin teatrın truppasının ifasında “Şuşa İli”nə həsr olunan “Haqqın 44 günü” tamaşasının premyerasını izləyib.

Sonda Lənkəran şəhər Mədəniyyət Mərkəzinə baxış keçirilib. Mərkəzdə sənətkarların işləri ilə tanış olub.

 

***

Lənkəran şəhərində səfərdə olan mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə şəhər Mədəniyyət Mərkəzində Lənkəranda çalışan mədəniyyət və incəsənət işçiləri ilə görüş keçirilib.

Nazir diqqətə çatdırıb ki, səfərin əsas məqsədi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.

Görüşdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilib, bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının ümumi inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Görüşdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, bununla bağlı təkliflər dinlənilib. Nazir problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdən sonra Mədəniyyət Mərkəzinin konsert proqramı təqdim olunub.

Konsertdə mərkəzin "Babalar" xor və rəqs qrupu, “Ay Lolo” Folklor rəqs qrupu çıxış edib. Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında “Azərbaycan” musiqili kompozisiyası maraqla qarşılanıb.

Xəbər lenti