11 mart tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə həyata keçirdiyi “Turizm Sahəsində Dual Təhsil Proqramı” nın təşkili istiqamətində maraqlı tərəflərin iştirakı ilə tədbir həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, baş tutan tədbirə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədri Florian Sengtschmidt, həmçinin tərəfdaş müəssisələrin və hotellərin nümayəndələri və digər qonaqlar qatılıb.
Tədbirin məqsədi “Turizm Sahəsində Dual Təhsil Proqramı”nın cari vəziyyəti və inkişaf prioritetləri və həmçinin mümkün genişləndirilmə perspektivlərinin müzakirəsindən ibarət olub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov çıxışı zamanı birgə əməkdaşlığın əhəmiyyətini, proqramın peşə təhsili alan tələbələrə qazandıracağı üstünlükləri qeyd edib. Həmçinin sənaye nümayəndələrinin tərəfdaşlığı ilə təşkil edilən layihənin genişləndirilməsinin turizm sahəsində kadr hazırlığının yüksəldilməsi prosesinə birbaşa töhfə verəcəyini bildirib.
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov hotellərin proqramın həyata keçirilməsində aktiv iştirakının və peşəkar kadr hazırlığında maraqlı olmalarının əhəmiyyətini diqqətə çatdırıb.
“Turizm Sahəsində Dual Təhsil Proqramı”nın pilot layihə olaraq həyata keçirildiyini qeyd edən Florian Zenqstşmid bu sahədə dövlət və özəl sektor əməkdaşlığının vacib amil olduğunu, turizm üzrə mütəxəssislərin hazırlanmasında gələcəkdə də bu kimi layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Tədbir zamanı “Turizm Sahəsində Dual Təhsil Proqramı”na Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisaslarında təhsil alan tələbələrin cəlb edildiyi vurğulanıb. İlkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində tətbiq olunmasına baxmayaraq, digər turizm sahəsinin inkişaf etdiyi regionlar üzrə də genişləndirilməsində maraqlı olduqları dilə gətirilib. Həmçinin bildirilib ki, sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin öz kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi proqramın əsas məqsədlərindəndir.
Qeyd edək ki, Turizm Sahəsində Dual Təhsil Proqramı Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsindəhəyata keçirilir. Cari tədris ili ərzində proqramda iştirak edən tələbələr tədrisin bir hissəsini tərəfdaş hotellərdə praktik bacarıqlara yiyələnirlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən olan tələbələr Qafqaz Tufandag Hotel və Qafqaz Riverside Hotelində təcrübə qazanırlar. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən proqrama qatılan tələbələr isə, JW Marriott Absheron Baku Hotel, Fairmont Baku Hotel, Baku Mariott Hotel Boulevard, Hilton Hotel, Courtyard by Mariott Baku Hotel və The Merchant Baku Hotelində praktik məşğələlərə cəlb olunurlar.