Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyinə həsr edilən Spartakiada çərçivəsində oğlanlar arasında keçirilən voleybol yarışının qalibi Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələrinin P.E.K.K.A. komandası olub.
Tehsil.biz xəbər verir ki, Voleybol yarışının məğlubedilməz komandası finalda Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələrinin ACE komandasını 3:0 hesabı ilə məğlub edib.
Ali Məktəbin kampusunda keçirilən final oyununda rektor Elmar Qasımov iştirakçılara uğurlar arzulayaraq bildirib ki, BANM-in 10 illik yubileyinə həsr edilən Spartakiada yüksək səviyyədə təşkil olunub: “Bakı Ali Neft Məktəbində yüksək keyfiyyətli təhsillə yanaşı, tələbələrin vaxtlarının səmərəli təşkilinə əhəmiyyət verilir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, idman yarışlarının keçirilməsinə qərar verdik, çünki bu cür oyunlar tələbələrin komanda ruhunun formalaşmasında, sosial mühitin inkişafında əvəzsiz rol oynayır. Müxtəlif idman növləri üzrə II, III, IV və V kurs tələbələri arasında təşkil edilən Spartakiada çərçivəsində oğlanlar arasında keçirilən voleybol yarışında ümumilikdə 12 komanda mübarizə aparıb ”.
Sonda yarışçılar mükafatlandırıldı və çempion komandaya yarışın kuboku təqdim edilib.