AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ötən il dekabrın 15-də elan edilmiş “Gələcəyə addım-2” ümumrespublika olimpiadasının final mərhələsi keçirilib.
Tehsil.biz xəbər verir ki, bu barədə institutdan bildirilib. Müsabiqənin təşkilinə və final mərhələsinin icrasına rəhbərlik edən akademik Əkpər Feyzullayev bildirib ki, geologiya və geofizika üzrə təhsil alan tələbələr arasında keçirilən müsabiqə 27 Mart – Elm Gününə həsr olunub. Tədbirin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, onları istiqamətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq olub. Müsabiqəyə 5 təşkilatdan 38 nəfər, o cümlədən 14 bakalavr və 24 magistrant müraciət edib. İki mərhələdən ibarət olimpiadanın birinci mərhələsində iştirakçılara təqdim edilən istiqamətlər üzrə müəyyən meyarlara cavab verən esseni Azərbaycan, ingilis və ya rus dilində hazırlamaq tapşırılıb. Bu mərhələdə esselərin hazırlanması ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, final mərhələsi üçün namizədlərin müəyyənləşdirilməsi prosesində üstünlük veriləcək meyarlar haqqında geniş məlumat təqdim olunub. Final mərhələsində esselərlə bağlı fərdi qaydada müsahibə aparılıb. Eyni zamanda, onların bilikləri əyani qiymətləndirilib, gələcək fəaliyyətləri və perspektivləri ilə bağlı istiqamətləndirici tövsiyələr verilib.
Təşkilat Komitəsinin qərarı ilə olimpiadada 1-ci yerə (800 manat) Bakı Ali Neft Məktəbinin magistrantı Orxan Məmmədov, 2-ci yerə (600 manat) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavrı Nəzrin Şıxəhmədova, 3-cü yerə (400 manat) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Eldar Babayev layiq bilinib. Həmçinin Geologiya və Geofizika İnstitutunun magistrantı Cəlal Əsgərova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavrı Həsən Cavadova 250 manat məbləğində həvəsləndirici mükafat verilməsi qərara alınıb.