Logo

Beynəlxalq Muğam Mərkəzinin xeyriyyə konserti

12.03.2022 14:27 681 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində Əməkdar artist Afaq Abbasova və pianoçu Səidə Tağızadənin iştirakı ilə konsert proqramı təqdim edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, proqramda Səid Rüstəmovun “Gəlmədin”, Tofiq Quliyevin “Arzular”, P.Axundovanın “Salam, Şuşa”, F.Cileanın “Adriana Lecouvreur” operasından Adriananın ariyası, C.Puccininin “La Rondine” operasından Maqdanın ariyası, S.Raxmaninovun “Vokalist”, həmçinin F.Şopen, F.Şubert və digər bəstəkarların əsərləri ilə yanaşı xalq mahnıları da səsləndirilib.

İfaçıların çıxışları dinləyicilər tərəfindən yüksək qiymətləndirilib. Konsertin proqramı həm janr, həm də dövr baxımından olduqca rəngarəng və maraqlı şəkildə təşkil olunub. Belə ki, musiqiçilər konsert boyu həm fortepiano həm də vokal mürəkkəb ifaçılıq texnikası tələb edən əsərləri, mahnı, ariya və romansları incə zövqlə tamaşaçılara təqdim edə bilib. Afaq Abbasova və Səidə Tağızadənin ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları tamaşaçılarda xüsusi ovqat yaradıb. İfaları ilə “Vokal musiqisi axşamları”na rəng qatan solistlər möhtəşəm çıxışları ilə tamaşaçı qəlbini və ruhunu notların sehrli dünyasına qərq edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində təşkil etdiyi xeyriyyə konsertindən əldə edilən vəsait "YAŞAT" Fonduna köçürüləcək.

 

 

Xəbər lenti