Lənkəranda Azərbaycanın Əməkdar artisti Adil Zeynalovun yaşadığı evin qarşısında xatirə lövhəsinin açılışı olub.
“Report”un Cənub Mərkəzinin xəbərinə görə, mərasimdə Lənkəran Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, aktyorun sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq Artisti Qabil Quliyev sənətkarın həyat və yaradıcılığı barədə məlumatlar verib. Mərhum aktyorun ruhuna dualar oxunub.
Daha sonra xatirə lövhəsinin açılışı olub.
Aktyoru yaxından tanıyan sənət adamlarından YUĞ Dövlət Teatrının direktoru, İslam Həsənov, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Xalq artisti Rza Xudiyev çıxış edərək Adil Zeynalovun yaradıcılıq və insani keyfiyyətlərindən danışıb. Yazıçı-publusist Hafiz Mirzə isə əksəriyyətinin komik rolların ifaçısı kimi tanıdığı aktyorun “Neron” obrazı ilə nə qədər böyük yaradıcı potensiala malik olduğunu sübut etdiyini diqqətə çatdırdıb.
Çıxışların sonunda mərhum aktyorun ailəsi adından tədbir iştirakçılarına minnətdarlıq bildirilib. Qeyd olunub ki, mərhumun istər sağlığında, istərsə də dünyasını dəyişəndən sonra dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərilib.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru və rejissoru, Azərbaycanın Əməkdar artisti Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəranda anadan olub. 1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub və oranı 1983-cü ildə bitirib. Adil Zeynalov teatrda aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa edib, 2002-ci ilin aprel ayından isə teatrda quruluşçu rejissor vəzifəsində çalışıb və rejissor kimi tamaşalara quruluş verib.
A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. O, 20-dək rolda çıxış edib, 15-dək əsərə səhnə quruluşu verib. “Qətl günü” tammetrajlı bədii filmdə Qulam obrazını, “40-cı qapı” filmində Surxay obrazını canlandırıb. “Durnalar qayıtdı” filmində və “Susmuş vicdan” bədii serialında yaddaqalan obrazlar yardıb. Gənclərin vətənpərvərlik tərbiyəsində, rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.
Adil Zeynalov 12 mart 2020-ci ildə vəfat edib.