Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşəbbüsü ilə “Qarabağın maddi və mənəvi sərvətləri” adlı onlayn tədbir keçirilib.
Tədbiri Kimya fakültəsinin TGT sədri Əli Qədirli giriş sözü ilə açaraq illər sonra azadlığına qovuşmuş Qarabağın maddi-mədəni sərvətləri haqqında məlumat verib.
Tələbə Elmi Cəmiyyəti sədri Rahilə Əhmədova Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılmasının ətraf mühitə ciddi ziyan vurduğunu bildirib.
Fakültənin dekan müavini Taleh Qəhrəmanov Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsi olduğunu vurğulayıb.
Tədbirdə fakültənin tələbələri Məmmədli Solmaz “Qarabağın milli mənəvi dəyərləri”, Məmmədzadə Şəhanə “Qarabağın mədəniyyəti”, Məhərrəmova Arzu “Qarabağın abidələri”, İsayev İsa “Faydalı qazıntılar”, Kərimli Fərəh “Qarabağın təbiəti”, Həsənova Sevda “Qarabağın sərvətləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Çıxışlarda Qarabağ bölgəsinin tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngin olduğu, Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərdiyi, zəngin yaradıcılıq nümunələri diqqətə çatdırılıb.
Tədbir mövzu ətrafında müzakirə ilə başa çatıb.